11 C
Baku
Wednesday, December 11, 2024

“Sovetski”də sökülən evlərə görə sakinlərə nə qədər pul veriləcək?

Köçürülən ailələrə ayda 500 manat olmaqla iki aylıq kirayə pulu da ödənilir.

Bakı şəhərinin Baş Planına uyğun olaraq paytaxtın Yasamal rayonu ərazisində, Azərbaycan prospekti, Tolstoy küçəsi, Əli bəy Hüseynzadə küçəsi və Nərimanov prospektinin yaxınlığında, eyni zamanda Nəriman Nərimanovun abidəsindən Hüseyn Cavid bağına kimi uzanan ərazidə yerləşən evlərin sökülməsinə başlanır.

Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov deyir ki, sözügedən ərazi böyük olduğundan söküntü işləri 6 mərhələdə həyata keçiriləcək.

Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamov APA TV-yə verdiyi məlumata əsasən, ilkin mərhələdə söküntü işləri Nəriman Nərimanovun abidəsinin ətrafından başlayaraq Hüseyn Cavid bağına kimi uzanan ərazini əhatə edəcək.

“Akademik Milli Dram Teatrının arxasından başlayan ərazi, Tolstoy küçəsi və Əli bəy Hüseynzadə küçələrinin aralığı 2-ci mərhələdə, Təzə Pir məscidinə tərəf uzanan ərazilər 3 və 4-cü mərhələlərdə, Əli bəy Hüseynzadə küçəsindən Nizami metrosunun arxa hissəsinə kimi ərazilər isə 5-6-cı mərhələdə söküləcək”.

Qış bulvarının davamı olaraq həmin ərazi abad bir parka çevriləcək. Söküləcək ərazidə ayrı-ayrılıqda yalnız istirahət parkları və sosial obyektlərin tikiləcəyini deyən Səməd İslamov onu da bildirir ki, yeni layihəyə əsasən, ərazidə hər hansı yaşayış binasının tikintisi nəzərdə tutulmur. Söküntü və yeni layihələndirmə işləri rayon icra hakimiyyəti, Maliyyə Nazirliyi, “Azəryolservis” ASC-nın nəzdində olan “Azərekspert” təşkilatı ilə birgə aparılır. Sözügedən qurumlarla bağlanan müqaviləyə əsasən, ilkin mərhələdə ümumilikdə 10 min evin sökülməsi nəzərdə tutulur ki, hazırda 1100-dən artıq ünvanın layihələndirilməsi və qiymətləndirilməsi həyata keçirilib:

“Vətəndaşın istifadəsində olan mənzilllər var. Uzun illərdir yaşayıb, lakin hələ də sənədləri yoxdur. Amma oranın kommunal xərcləri vaxtında ödənilib. Sənədli evlərlə birlikdə həmin evlərə də indiki bazar qiymətlərinə uyğun olaraq hər kvadratmetri 1500 manatdan pul vəsaiti veriləcək. Eyni zamanda pilləkən qəfəslikləri, yardımçı tikililər, anbarlar da bir qədər aşağı məbləğdə qiymətləndiriləcək və vətəndaşlara müvafiq kompensasiyalar ödəniləcək”.

Artıq qarşılıqlı razılaşma əsasında müvafiq vəsaitin 45 ailənin bank hesablarına köçürüldüyünü deyən Səməd İslamov bildirib ki, yaxın 2 ay müddətində söküntü işlərinə başlanacaq. Köçürülən ailələrə ayda 500 manat olmaqla iki aylıq kirayə pulu da ödənilir.

Respublikanın əməkdar memarı Feyzulla Quliyev isə hesab edir ki, yeni Baş Plana uyğun olaraq söküntü işləri aparılan ərazilərdə tarixi memarlıq abidələrinin saxlanması vacib şərtlərdən biridir.

Respublikanın əməkdar memarı Feyzulla Quliyev bildirir ki, söküntülər zamanı tarixi abidələrin heç birinə toxunulmayıb: “Onlara toxunmağa heç kimin ixtiyarı da yoxdur. Çünki, bu, bizim tariximizdir. Biz də Baş Plana əsasən həmin abidələrin ətrafını açıb, onların daha çox tanınmasına kömək etmiş olacağıq. Hansı abidələrin bərpaya ehtiyacı varsa, onları bərpa etdirib ev muzeyi, hətta xüsusi statuslu otellər də edə bilərik. Bu, xarici təcrübəyə əsaslanır”.

Yeni layihənin tərkib hissələrindən biri də söküntü aparılan ərazilərdə olan tarixi abidələrin necə qorunmasıdır. Qarşısında dayandığımız Təzə Pir məscidinin ətrafında böyük parkın salınması nəzərdə tutulur. Məscidin özü isə salınacaq parkın içərisində qalacaq.

Qeyd edək ki, təxminən 50 hektar ərazini əhatə edəcək söküntü işləri zamanı bir sıra yeni tikilən hündürmərtəbəli binaların da sökülməsi gözlənilir. İlkin olaraq Hüseyn Cavid bağından Nərimanov prospekti istiqamətdə olan 16 mərtəbəli binanın tamamilə sökülməsi, yerində yeni yol salınması nəzərdə tutulur.

Oxu.az

Son xəbərlər
Digər xəbərlər