“Standard & Poor`s Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci il üçün Kanadanın “AECO” təbii qazı üçün qiymət proqnozunu bir milyon Britaniya istilik vahidi (Btu) üçün 2,5 ABŞ dollarından 3 ABŞ dollarına, 2023-cü il üçün isə 2,25 ABŞ dollarından 2,50 ABŞ dollarına yüksəldib.
2022-ci il üçün “Henry Hub” (ABŞ-da təbii qazın spot və fyuçers ticarəti mərkəzi) qazının qiyməti ilə bağlı proqnozu bir milyon Btu üçün 3,5-dən 4 ABŞ dollarına, 2023-cü il üçün isə 3-dən 3,25 ABŞ dollarına qədər yenidən işlənib.
“2024-cü il üçün “AECO” təbii qazı üçün qiymət proqnozu bir milyon Btu üçün 2,25 ABŞ dolları səviyyəsində saxlanılıb. Hesab edirik ki, qısamüddətli perspektivdə qaz kəmərlərinin imkanlarının genişləndirilməsi Kanadadan ixrac edilən qazın həcminin azalmasına, bununlada “AECO” qazının gələcək qiymətlərinin düşməsinə səbəb ola bilər”, – agentlik açıqlayıb.
S&P analitiklərinin fikrincə, qısamüddətli əsas tələb və təklif göstəriciləri Kanada təbii qazının qiymətlərinin dəstəklənməsinin davam edəcəyindən xəbər verir. ABŞ-da şist qazın istehsal həcminin artmaqda davam edəcəyi gözlənilsə də, ABŞ-dan sıxılmış təbii qazın (CNG) ixracının artması perspektivləri ABŞ-a Kanada qazının ixrac tələbini dəstəkləməlidir. Səmt qazının istehsalında istənilən artım CNG ixracının davam edən artımı ilə kompensasiya olunacaq. Nəticədə, ABŞ-da tələb saxlanılacaq.
“Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən yaranmış kəskin geosiyasi gərginlik TTF-in (Niderlandda təbii qazın virtual ticarət meydançası) forvard əyrisini yuxarı qaldırıb, bu isə qiymətlərin volatilliyini daha da artırıb. Hazırda Rusiya qazının tədarükü davam etsə də, “Şimal axını – 2” kəmərinə qarşı sanksiyalar və Rusiya qazının xüsusilə də Ukrayna ərazisindən tədarükü ilə əlaqəli risklər tədarüklə bağlı onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirir. Avropada yerli istehsal struktur eniş şəraitindədir. 2022-ci ildə qiymətlərin yüksək qalacağı gözlənilir. Bu isə Asiya bazarlarından CNG-nin təkrar yönləndirilməsini, qazdan kömürə keçidi və sənaye istehlakına (məsələn, gübrə) olan tələbin müəyyən qədər azalmasını doğruldacaq. Avropada isitmə dövrü sona yaxınlaşır. Hesab edirik ki, bu, 2022-2023-cü illərdə bazarı balanslaşdırmağa kömək etməlidir.
Bununla belə, bazarın təkrar balanslaşdırılmasının xeyli vaxt aparacağı gözlənilir, belə ki, Avropada qaz ehtiyatları orta çoxillik səviyyədən xeyli aşağıdır və çətin ki, qısa müddətə bərpa edilə bilsin. Qlobal CNG tədarükünün böyük hissəsi spot satış və 2025-ci ildə yeni böyük CNG istehsal obyektləri istifadəyə verilənədək təkrar yönləndirilmək üçün əlçatan məhdud həcmli uzunmüddətli müqavilələrə bağlıdır. Qeyri-müntəzəm bərpa olunan generasiya ilə yanaşı enerji toplayıcılarının da olmaması qısamüddətli perspektivdə qaza yalnız məhdud alternativ təşkil edir”, – hesabatda deyilir.
S&P analitikləri uzunmüddətli perspektivdə TTF qazının bir milyon Btu üçün, təxminən, 8 ABŞ dollarınadək düşəcəyini gözləyirlər, bu isə “Henry Hub” qazının qiymətindən 5 ABŞ dolları daha çoxdur: “TTF spot qazının qiyməti uzunmüddətli müqavilələr üzrə qazın qiymətindən xeyli yüksəkdir. Hecləşmənin bazarın müxtəlif iştirakçılarına təsirini izləməkdə davam edəcəyik. Hava şəraitindən və təklifin dəyişməsindən asılı olaraq, TTF-in Avropa qiymətlərinin çox volatik qalacağını gözləyirik”.
S&P-nin proqnozlarına görə, 2022-ci ildə TTF qazının qiyməti bir milyon Btu üçün 20 ABŞ dollarından 30 ABŞ dollarınadək, 2023-cü ildə 13 ABŞ dollarından 18 ABŞ dollarınadək, 2024-cü ildə isə 9 ABŞ dollarından 12 ABŞ dollarınadək artacaq.