İnvestorlar S&P 500 indeksinin 7000 bəndi keçəcəyini gözləyirlər — buna müsbət ticarət siqnalları, faiz dərəcələrinin azalması və yüksək korporativ gəlirlər səbəb olur. Pərakəndə və institusional investorların vəsait axını güclənir, texniki analiz isə 7000 səviyyəsində ciddi müqavimət görmür. Bununla belə, iri texnoloji şirkətlərin hesabatları və mərkəzi bankların qərarlarından sonra optimizm bir qədər zəifləyə bilər, amma mövsümi amillər və texniki göstəricilər S&P 500 indeksinin daha da artacağını göstərir.
Mövsümi volatilliyin geridə qalması ilə fond bazarı iştirakçıları S&P 500 indeksinin 7000 bəndi keçəcəyinə ümid edirlər.
Bazar ertəsi göstərici 6875 bəndə çataraq rekordu yeniləyib. Buna ticarət sahəsindəki müsbət siqnallar, faiz dərəcələrinin azalacağı gözləntiləri və şirkətlərin yüksək gəlirləri təsir göstərib. Analitiklər hesab edirlər ki, əlavə amillər indeksi 7000 bənddən yuxarı qaldıra bilər.
Kapital axınları həm pərakəndə, həm də institusional investorların sayının artdığını göstərir, texniki analiz isə bu səviyyəyə çatmağa ciddi maneə olmadığını bildirir. UBS-in araşdırmalarına görə, oktyabrın son həftəsi səhmlərdə uzun mövqelər açmaq üçün ən əlverişli dövrdür.
Lakin investorların nikbinliyi qarşıdakı həftə sınağa çəkiləcək — çərşənbə və cümə axşamı “möhtəşəm yeddilik” texnoloji nəhənglərinin beşi maliyyə hesabatlarını açıqlayacaq. Həmçinin ABŞ, Yaponiya və Avropa Mərkəzi banklarının qərarları gözlənilir.
“Barclays” analitiki Aleksandr Altmann ilin sonuna qədər S&P 500 indeksinin 7250 bəndə çatacağını proqnozlaşdırır. O, son beş ildə indeksin orta illik artımının 23% olduğunu xatırladır.
“Citadel Securities”in məlumatına görə, ABŞ-dэ pərakəndə investorlar son 27 həftənin 23-də xalis alıcı olublar. “Goldman Sachs” isə qeyd edir ki, korporativ səhm geri alımları dördüncü rübdə yenidən aktivləşib.
Bununla belə, bazar müəyyən risklər daşıyır: S&P 500 apreldən bəri 38% artıb, bu da qiymətləndirmələri “balon” dövrlərinə xas səviyyələrə yüksəldib.
“Əgər süni intellektə yatırımların səmərəliliyi ilə bağlı suallar yaransa, investorlar sürətlə reaksiya verə bilər”, — deyə “Roundhill Financial” şirkətinin baş direktoru Deyv Mattsa xəbərdarlıq edib.
“Bununla belə, kiçik müsbət hadisələr indeksin bir neçə gün ərzində 7000 bəndi keçməsinə səbəb ola bilər”, — o əlavə edib.







