Amerikanın S&P 500 indeksi ticarət məlumatlarına əsasən, tarixdə ilk dəfə 5000 bənddən yuxarı qalxıb. Fevralın 8-də ticarət zamanı o, 5000.40 bəndə çatıb. Ticarət gününün sonunda S&P 500 indeksi 4997.91 bənd (+0.06%) təşkil edib, Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
“The Wall Street Journal” yazır ki, 2024-cü ilin əvvəlindən bəri S&P 500 texnologiyadan səhiyyəyə və maliyyəyə qədər şirkətlərdə qazancın yüksəlməsi fonunda 4.8% artıb.
“Boston Partners” investisiya şirkətinin qlobal bazar araşdırmasının direktoru Mayk Mallani bildirib ki, səhm qiymətləri tarixən qazanc artımını izləyir. Analitiklər S&P 500 gəlirlərində 2023-cü ilin dördüncü rübündə bir əvvəlki ilə nisbətən 2.8%, 2024-cü ildə isə 11% artım olacağını gözləyirlər.
Qəzet qeyd edir ki, daha yüksək faiz dərəcələri səhm qiymətlərinə təsir edir, riskli aktivlərin nisbi cəlbediciliyini azaldır və şirkətlər üçün borclanma xərclərini artırır. İnvestorlar FED-in uçot dərəcəsini artırmasına baxmayaraq ABŞ iqtisadiyyatının güclü qaldığına dair işarələri alqışlayıblar.
“Goldman Sachs” analitikləri S&P 500 indeksinin 2024-cü ilin sonuna kimi 5100 bəndə çata biləcəyini proqnozlaşdırırlar. “Bank of America” – 5000 bənd, “Oppenheimer Asset Management” – 5200 bənd gözləyir. “Yardeni Research” konsaltinq şirkətinin prezidenti Ed Yardeni S&P 500 indeksini 2024-cü ilin sonunda 5400, 2025-ci ilin sonunda isə 5800 səviyyəsində proqnozlaşdırır.