Süni intellektlə bağlı narahatlıqların yenidən güclənməsi səbəbindən Asiya bazarları Uoll-Stritdəki yüksəlişi təkrarlamır
Avqustun 4-də, çərşənbə axşamı ABŞ-nin S&P 500 indeksi üzrə fyuçerslər 0,78% yüksələrək 7505,5 bəndə çatıb. Bazar ertəsi keçirilən ticarətin yekununda S&P 500 indeksi 1,38% artaraq 7600,71 bənd, Dow Jones 1,28% yüksələrək 53 195,71 bənd, Nasdaq 100 isə 1,78% möhkəmlənərək 28 777,8 bənd təşkil edib.
S&P 500 və Dow Jones indeksləri tarixi maksimumlarına çox yaxınlaşıb. Bloomberg-in yazdığına görə, Yaxın Şərqdə gərginliyin azalması ABŞ fond bazarı üçün müsbət amilə çevrilib. Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp İran ərazisinə planlaşdırılan genişmiqyaslı zərbələri endirməmək qərarına gəldiyini açıqlayıb. O bildirib ki, qarşıya qoyulan məqsədlərə sülh danışıqları yolu ilə nail olmaq istəyir.
Treyderlər, həmçinin bazarın ən iri şirkətlərinin maliyyə hesabatlarına reaksiya verməkdə davam edirlər. Ötən gün Amazon səhmlərinin 4,58% bahalaşması fonunda şirkətin bazar kapitallaşması tarixdə ilk dəfə 3 trilyon dolları ötüb. Nvidia səhmləri 2,93%, Boeing səhmləri 8,03%, Microsoft səhmləri isə 4,93% bahalaşıb.
Bu gün investorlar SpaceX, AMD, Booking, Pfizer və Amgen şirkətlərinin maliyyə hesabatlarının açıqlanmasını gözləyirlər.
Asiya bazarları Uoll-Stritdəki dinamikanı təkrarlamır. Regiondakı treyderlər süni intellekt texnologiyalarına yatırılan investisiyaların özünü doğruldub-doğrultmayacağı ilə bağlı yenidən narahatlıq ifadə edirlər. Nikkei 225 indeksi 0,32% azalaraq 63 553,44 bəndə, Cənubi Koreyanın Kospi indeksi isə 1,13% geriləyərək 6187,03 bəndə düşüb. Honkonqun Hang Seng indeksi 0,49% azalaraq 25 882,43 bənd təşkil edib. Çinin Shanghai Composite indeksi isə 0,16% yüksələrək 3815,58 bəndə çatıb.
Yaxın Şərqdəki münaqişənin həll olunacağına dair ümidlərə baxmayaraq, neft qiymətləri ucuzlaşır. Brent markalı neft üzrə fyuçerslər 1,5% azalaraq bir barel üçün 85,03 dollara, WTI markalı neft üzrə fyuçerslər isə 1,15% geriləyərək 81,17 dollara düşüb.






