Husilərin Qırmızı dənizdə gəmilərə hücumu nəticəsində təchizat zəncirinin pozulması son həftələrdə Asiya-Avropa kimi ən çox zərər görən marşrutlarda yükdaşıma tariflərinin təxminən 300% artmasına səbəb olub və bu tariflər potensial olaraq daha iki dəfə bahalaşa bilər.
Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırılmasında deyilir.
Bildirilib ki, qlobal dəniz ticarətinin təxminən 10%-i məhz bu marşrutla həyata keçirilir.
Hesabatda qeyd edilib ki, bir çox gəmiçilik şirkəti təhlükəsizliyə üstünlük verir. Odur ki, onlar ya Qırmızı dəniz və Ədən körfəzindən keçən marşrutlarından istifadə etmir, ya da daşımaları Ümid burnundan keçən daha uzun dəniz yolu vasitəsilə həyata keçirir.
“Clarksons Research”in məlumatına əsasən, Qırmızı dənizi keçən konteyner gəmilərinin tonajı ciddi korreksiya ilə üzləşib və bununla bağlı göstərici ötən ilin dekabr ayının ikinci yarısında birinci yarısı ilə müqayisədə düz 80%-dən çox azalıb. Digər tərəfdən, yükdaşıma müddətinin uzanmasına səbəb olan Afrika marşrutundan istifadə yanacaq və ekipaj xərclərinin artması və təchizat zəncirlərinin pozulması ilə nəticələnir. Məsələn, konteyner gəmisinin Ümid burnu marşrutundan istifadəsi səfər müddətinin Şərqi Asiya-Şimali Avropa istiqamətində 10 gün və Şərqi Asiya-Aralıq dənizi istiqamətində isə 14 gün uzanmasına səbəb olur.
Beləliklə, bununla bağlı qeyri-müəyyənliyin yüksəlməsi fonunda planlaşdırılmamış reyslərin müddətinin artması və gəmiçilik şəbəkəsinin fəaliyyətində fasilələrin yaranması gəmiçiliklə yükdaşıma bazarını daraldıb. Buraya xüsusilə konteyner gəmiləri yükdaşımaları daxildir.
“S&P”nin hesabatında qeyd edilib ki, 2023-cü ildə yük daşıyıcıların qazanclarının kəskin azalmasından sonra hazırda yükdaşıma tariflərindəki artım əslində, laynerlərin əvvəlcədən planlaşdırmadıqları gəlir əldə etməsinə səbəb olacaq: “Biz ekspeditorlar və hava yolu vasitəsilə daşımalarla məşğul olan şirkətlərin dolayı yolla maliyyə vəsaiti əldə edəcəyini proqnozlaşdırırıq”.
Amma “S&P” yükdaşıma xərclərinin COVID-19 pandemiyasının yayıldığı dövrdəki kimi rekord həddə çatacağını gözləmir:
“Əksinə, yükdaşıma xərcləri bu ilin ikinci yarısından başlayaraq azala bilər. Hazırda iqtisadi vəziyyət 2020-2021-ci illərdəkindən tamamilə fərqlidir. O vaxt, yəni karantin dövründə dövlət dəstəyi tədbirləri ilə stimullaşdırılan məhsullara istehlak tələbatı müstəsna dərəcədə yüksək idi. Bu gün xidmətlərə nisbətən məhsullarla bağlı xərclər daha az və balanslıdır. Bundan başqa, yeni gəmilərin əhəmiyyətli tədarükləri səbəbindən konteyner daşımaları bazarında tələb və təklif balansının qorunub saxlanmasını gözləmirik. “Clarkson Research”ə görə, ümumi qlobal donanmanın 27%-ni təşkil edən hazırkı sifariş portfeli bu il ərzində konteyner laynerlərinin ümumi gücünün 7-8% arta biləcəyini göstərir (2023-cü ildə olduğu kimi)”.
Məlumatda vurğulanıb ki, görünür, Rusiya neftini, Qətər təbii qazını və mayeləşdirilmiş təbii qazı (LNG) daşıyan tankerlər Yəmən husilərinin hücumlarına məruz qalmayıb:
“Hesab edirik ki, bu, Səudiyyə Ərəbistanının Ədən körfəzinin şimalındakı “Yanbu” terminalı vasitəsilə gündəlik 7.5 milyon barel neft tədarükünü Avropaya yönəltmək qabiliyyəti ilə birlikdə ona gətirib ki, neft və təbii qaz bazarları əhəmiyyətli risk mükafatlarını nəzərə almır. Bu onunla əlaqədardır ki, Qətərin Avropa LNG idxalındakı 12%-lik payını (və ümumi Avropa istehlakının 5%-ni) Ümid burnu vasitəsilə nəql etməsinin bir qədər baha başa gəlməsinə baxmayaraq, Ədən körfəzindəki hərbi əməliyyatlar nəticəsində fiziki təbii qaz çatışmazlığı riskləri hələ də aşağı olaraq qalır. Neftə gəlincə, bu marşrut ümumi neft xərclərinin 3%-dən azını təşkil edir. Yanvarın 17-nə olan məlumata görə, Avropaya çatdırılan LNG-nin qiyməti 1000 kubfut üçün 8 ABŞ dollarına düşüb və bu da son 6 ayın ən aşağı göstəricisidir. Hətta bu rəqəm Avropanın enerji böhranından əvvəlki 2021-ci ilin ortaları səviyyəsinə yaxındır”.