20 C
Baku
Saturday, October 12, 2024

“S&P” Azərbaycanın bank sistemi ilə bağlı qiymətləndirməsini yaxşılaşdırıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunun xarici borclanmalardan xalis asılılığını qlobal analoqların orta göstəricisi ilə müqayisədə əlverişli hesab edir.

Bu, yerli banklar üçün maliyyələşdirmənin daha az şaxələndirilməsi deməkdir və bu da onları daxili əmanətlərdən və formalaşan daxili borc bazarlarından asılı edir.

“Orta iqtisadi perspektivləri və bank sektorunun depozit bazasının kifayət qədər olmasını nəzərə alaraq, bankların xarici borc bazarlarından kredit götürmək ehtiyacları məhduddur.

Hesablamalarımıza görə, 2023-cü ilin ortalarına Azərbaycanın bank sisteminin ümumi xarici borcu 1 milyard ABŞ dollarına yaxın olub. Buraya Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı daxil olmaqla, əsasən beynəlxalq maliyyə institutlarından daxilolmalar, həmçinin bankların xarici minoritar səhmdarlarının kreditləri daxildir”, – agentliyin analitikləri vurğulayıblar.

Beləliklə, S&P-nin hesablamalarına əsasən, ölkənin bank sektoru xalis xarici kreditordur.

Agentliyin ekspertləri qeyd ediblər ki, Azərbaycan bank sisteminin maliyyələşdirmə profili son bir neçə ildə möhkəmlənib:

“Sistemdəki kiçik miqyasda əmanətlər 2016-cı ilin sonundan etibarən 70 % artıb. 2023-cü ilin oktyabrında “Muğanbank” ASC-nin lisenziyasının ləğv edilməsi daxil olmaqla, son 5 ildə depozitlərin kütləvi şəkildə çıxarılması ilə əlaqədar hər hansı bankın defolt halları barədə məlumatımız yoxdur. Baxmayaraq ki, kiçik miqyasda əmanətlər üzrə sığorta olunan məbləğinin 2021-ci ilin aprelindən hər bir fiziki şəxs üçün maksimum 100 min manat (təxminən 58,8 min ABŞ dolları) məbləğində müəyyən ediləndən sonra belə əmanətlərin keyfiyyəti bir qədər aşağı düşüb. Əvvəllər zəmanət kiçik miqyasda olan əmanətləri tam əhatə edirdi. Rezidentlərin depozitlərindən daha volatil hesab etdiyimiz qeyri-rezidentlərin depozitlərinin xüsusi çəkisi əsasən Rusiyadan daxil olan pul vəsaitləri hesabına 2021-ci ildəki 1,4 %-dən 2022-ci ilin sonunda 5 %-ə (2,5 milyard manat) yüksəlib. Lakin bu, Gürcüstan (18 %) və Ermənistan (20 %) ilə müqayisədə xeyli aşağıdır”.

S&P-nin hesabatına əsasən, Azərbaycanın bank sektorunda əmanətlərin dollarlaşması getdikcə azalır: “Xarici valyutada depozitlər 2015-ci ilin sonunda 79 % təşkil edirdi. 2023-cü il oktyabrın 31-nə olan məlumata görə, bu göstərici ümumi müştəri depozitlərinin 41 %-nə düşüb. Bu rəqəm həm də Gürcüstan (51 %) və Ermənistandan (50 %) aşağıdır. Xarici valyutada kreditlər və depozitlər arasında uyğunsuzluğu qəbul etsək də, banklar açıq valyuta mövqeləri ilə bağlı hedcinq əməliyyatları həyata keçirirlər”.

GRE depozitləri (hökumətlə əlaqəli təşkilatlardan) korporativ depozitlərin yarıdan çoxunu təşkil edir. Əsasən GRE depozitləri daxil olmaqla, korporativ depozitlər ənənəvi olaraq depozitlərin təxminən üçdə ikisini, kiçik miqyasda depozitlər isə üçdə birini təşkil edib.

“Hesab edirik ki, bu amillər Azərbaycan banklarının maliyyələşdirmə profillərinə əlavə sabitlik əlavə edir. Əsas müştəri depozitlərinə sistemdaxili kreditlərin (əhali depozitlərinin 100 %-i və korporativ depozitlərin 50 %-i kimi müəyyən edilir) bir qədər artacağını, lakin 2024-2025-ci illərdə 110 %-dən aşağı qalacağını proqnozlaşdırırıq”, – agentliyin analitikləri bildiriblər.

Bütün bu amilləri nəzərə alan S&P bank sektoru ilə bağlı risklərin qiymətləndirilməsini “9”dan “8”ə yaxşılaşdırıb və sahəvi və ölkə risklərinin (BICRA) səviyyəsinə görə Azərbaycan bank sistemini “8” qrupuna daxil edib. Azərbaycan banklarının reytinqi “b+”dan “bb-” səviyyəsinə qaldırılıb.

“Biz ölkə bankları üçün iqtisadi və sahəvi risk tendensiyalarını sabit hesab edirik ki, bu da qarşıdakı 12-18 ay ərzində ümumilikdə balanslaşdırılmış riskləri əks etdirir”, – S&P-nin hesabatında qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər