“S&P Global Ratings” reytinq agentliyi İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) uzunmüddətli kredit reytinqini “BB-” səviyyəsindən “BB” səviyyəsinə yüksəldib.
Bu barədə Fonddan bildirilib.
Məlumata əsasən, Fondun qısamüddətli kredit reytinqi “B” səviyyəsində təsdiqlənib və yaxın gələcəkdə reytinqin “stabil” qalacağı proqnozlaşdırılır.
Fondun ölkə iqtisadiyyatının inkişafında rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi reytinq agentliyi tərəfindən müsbət qiymətləndirilib. Reytinqin yüksəldilməsinə təsir göstərən başlıca faktor isə ABİF-in risk mövqeyinin yaxşılaşması olub.
Reytinq qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, ABİF-in cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi baxımından əhəmiyyət kəsb edir.
Xatırladaq ki, 23 dekabr 2024-cü il tarixində Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan İnvestisiya Şirkətinin birləşməsi nəticəsində təsis edilən Azərbaycan Biznesinin İnkişafı Fondu sözügedən qurumların hüquqi varisidir və ümumilikdə 1,4 milyard manat həcmində aktivə sahibdir. 01.08.2025-ci il tarixinədək Fondun güzəştli kredit mexanizmi çərçivəsində 54 mindən çox layihəyə 3,4 milyard manatdan çox vəsait ayrılıb.