Azərbaycanda 2026-cı ildən etibarən həyata keçiriləcək tənzimləmə islahatları bank sektorunu beynəlxalq standartlara daha da yaxınlaşdıracaq.
Banker.azxəbər verir ki, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, risk əsaslı nəzarətə keçid, IFRS 9-un (Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 9) tətbiqi, kapital adekvatlığı çərçivəsinin Bazel III tələblərinə uyğunlaşdırılması, stress-test mexanizmlərinin gücləndirilməsi və mümkün böhran halları üçün bərpa və həll mexanizmi sisteminin yaradılması tənzimləmə mühitini daha da möhkəmləndirəcək.
Agentlik qeyd edir ki, bu təşəbbüslər bankların risk iştahasını məhdudlaşdıracaq və kredit riskinin azalmasına töhfə verəcək.
Xatırladaq ki, bir müddət əvvəl S&P eyni zamanda Azərbaycanın bank sektoru üzrə BICRA (Banking Industry Country Risk Assessment) qiymətləndirməsində sənaye risk balını 8-dən 7-yə endirib, iqtisadi risk trendini isə “stabil”dən “müsbət”ə dəyişib.
Qiymətləndirmədə bildirilib ki, son üç ildə maliyyə sektorunun tənzimlənməsi və nəzarətinin modernləşdirilməsi istiqamətində atılan addımlar institusional çərçivənin güclənməsinə səbəb olub. Bununla belə, S&P Azərbaycanın tənzimləmə sistemini inkişaf etmiş bazarlarla müqayisədə hələ də nisbətən zəif qiymətləndirir.





