Bu il Azərbaycanda daşınmaz əmlak qiymətlərində artım tempi əvvəlki illərlə müqayisədə zəifləyəcək, lakin qiymətlərin azalacağı proqnozlaşdırılmır.
Banker.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycanda inflyasiyaya uyğunlaşdırılmış mənzil qiymətlərində artımın 2026-cı ildə 5–6% səviyyəsində olacağı gözlənilir.
Bu göstərici daşınmaz əmlak bazarında qiymətlərdə artım tempinin əvvəlki illərlə müqayisədə zəiflədiyini göstərir. S&P analitikləri bunu ölkədə kredit artımının yavaşlaması, iqtisadi artım tempinin məhdudlaşması və neft qiymətləri üzrə gözləntilərlə əlaqələndirirlər.
Reytinq agentliyi ümumilikdə bildirir ki, Azərbaycanda özəl sektorun borcluluq səviyyəsi region üzrə analoji ölkələrlə müqayisədə ən aşağı səviyyədə qalır. Belə ki, ev təsərrüfatlarının borcunun ÜDM-ə nisbəti 15%, korporativ borcun ÜDM-ə nisbəti isə 11% təşkil edir.
Qeyd edək ki, S&P bundan əvvəl, 2025-ci ildə Azərbaycanda daşınmaz əmlak qiymətlərinin 10-15% civarında artacağını proqnozlaşdırmışdı. Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən, ötən il Azərbaycanda mənzil qiymətləri 2024-cü ilə nisbətən 12,2% artıb.






