13 C
Baku
Friday, November 22, 2024

S&P: Azərbaycanın bank sektorunda ümumi risk səviyyəsi azalıb

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Qafqaz və Mərkəzi Asiya ölkələrində, o cümlədən Azərbaycanda bank aktivlərinin kefiyyətinin davamlı qalacağını açıqlayıb.

Bu barədə reytinq agentliyinin region ölkələri üzrə proqnozunda bildirilib. “Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Özbəkistanda bank performansının 2024-cü ildə aşağı ikirəqəmli kredit artımı və gəlirlilik və kapital göstəricilərini dəstəkləyən sabit aktiv keyfiyyəti ilə davamlı qalacağını gözləyirik. İqtisadi artım üçün əlverişli perspektivlər, kreditlərə yüksək tələbat, xüsusilə pərakəndə satış, yaxşı maliyyələşdirmə və likvidlik göstəriciləri, eləcə də sabit gəlirlilik 2024-cü ildə bankların kredit reytinqlərini dəstəkləyəcək. 2024-cü ilin fevralına regionda banklar üçün reytinq proqnozlarının 80%-i “Sabit” olub” – hesabatda qeyd edilib.

“Standard and Poor’s” əlavə edib ki, 2023-cü ildə Azərbaycan və Qazaxıstan üzrə BICRA qiymətləndirməsinə yenidən baxılıb. İki ölkənin bank sektorunun sənaye və ölkə risklərinin səviyyəsi 9-dan 8-ə endirilib. Bu isə Azərbaycanın bank sektorunda riskin ümumi səviyyəsinin azaldığını göstərir.

Bununla belə, “S&P” vurğulayıb ki, iki amil Azərbaycanın bank sektoruna və iqtisadi artım tempinə mənfi təsir edir: “2020-ci ildə quru sərhədlərini digər ölkələrin vətəndaşları üçün bağlayan Azərbaycanın iqtisadiyyatına və bank sektoruna miqrant və kapital axınının və qeyri-rezident depozitlərinin artımının müsbət təsiri region ölkələri ilə müqayisədə daha az nəzərə çarpacaq. Bundan əlavə, neft hasilatının uzunmüddətli tədricən azalması Azərbaycanın ortamüddətli iqtisadi artım perspektivlərini məhdudlaşdıracaq”.

Reytinq agentliyi ümumilikdə isə hesab edir ki, region ölkələrinin bank sektoru üçün əsas gözlənilən risklər qlobal iqtisadiyyatda gözləniləndən daha kəskin tənəzzül, regionda geosiyasi gərginliyin artması, pərakəndə kreditləşmədə kəskin artım, valyuta məzənnələrinin yüksək dəyişkənliyi və maliyyə sisteminin de-dollarizasiya tempinin yavaşlaması ola bilər.

“Regionun bank sektorlarında tənzimləmə, nəzarət və korporativ idarəetmə inkişaf edir, lakin hələ də inkişaf etmiş sektorlara nisbətən daha az effektiv və proqnozlaşdırıla bilir”- “S&P” əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər