Azərbaycanın fiskal şəffaflıq səviyyəsi bir çox regional ölkələrlə, o cümlədən Körfəz Əməkdaşlıq Şurasına (GCC) üzv olan bir sıra dövlətlərlə müqayisədə daha yüksək qiymətləndirilir.
Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondu (SOFAZ) aktivlərinin tərkibi, investisiya strategiyası və fəaliyyət nəticələri barədə açıq və dəqiq məlumatları əks etdirən, auditdən keçmiş ətraflı illik hesabatlar dərc edir. Bununla belə, yüksək şəffaflığa baxmayaraq, Azərbaycanın xalis ümumi dövlət aktivlərinin həcmi iri GCC suveren fondları ilə müqayisədə daha mülayimdir.
“Azərbaycanın xalis fiskal aktiv mövqeyi ölkənin əsas kredit üstünlüklərindən biri olaraq qalır və güclü xarici balans göstəriciləri ilə paralel inkişaf edir. Gözləyirik ki, konsolidə edilmiş ümumi hökumətin xalis aktiv mövqeyi 2028-ci ilə qədər ÜDM-in 50%-dən yüksək olacaq ki, buna SOFAZ-da davam edən yığımlar və aşağı səviyyəli dövlət borcu dəstək verir. Bizim xalis hökumət borcu göstəricimiz yalnız SOFAZ-ın xaricdə saxladığı yüksək likvid aktivləri nəzərə alır (dövlətin ən tez səfərbər edə biləcəyi buferlər), likvidliyi daha aşağı olan aktivlər isə (2024-cü ildə ÜDM-in təxminən 10%-i) bu hesablamaya daxil edilmir”- reytinq agentliyi həmçinin qeyd edib.







