Beynəlxalq reytinq agentliyi S&P Global Ratings Çinin xarici və milli valyutada uzunmüddətli suveren kredit reytinqlərini A+ səviyyəsində təsdiqləyib. Bu barədə agentliyin açıqlamasında bildirilir.
Reytinq üzrə proqnoz “sabit” saxlanılıb.
S&P ekspertlərinin fikrincə, Çin iqtisadiyyatı qarşıdakı bir-iki il ərzində 4% və ya daha yüksək templə böyüməyə davam edə bilər. Ölkənin böyük strateji ehtiyatları və təchizatın şaxələndirilməsinə yönəldilən investisiyalar enerji böhranı və ticarət gərginliklərinə qarşı iqtisadiyyatın dayanıqlığını qorumağa kömək edir.
Bununla yanaşı, daşınmaz əmlak bazarında uzunmüddətli zəifləmə və istehlakın aşağı səviyyədə qalması səbəbindən daxili tələb zəif qala bilər. Bu isə növbəti bir-iki ildə büdcə kəsirinin yüksək səviyyədə qalmasına səbəb ola bilər.
Uzunmüddətli reytinq üzrə “sabit” proqnoz S&P-nin Çinin qarşıdakı iki ildə iqtisadi artımı təxminən 4% səviyyəsində saxlamaq üçün daha geniş fiskal dəstək göstərəcəyi barədə gözləntilərini əks etdirir. Agentlik eyni zamanda iqtisadiyyatın bir sıra sektorlarında məhsuldarlığın artacağını proqnozlaşdırır.






