9 C
Baku
Saturday, February 21, 2026

“S&P”: Ermənistanla Azərbaycan arasında yaxın perspektivdə hərbi eskalasiya ehtimalı azdır

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən Ermənistan üzrə proqnozun “sabit”dən “müsbət”ə yüksəldilməsində bu ölkə ilə Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində irəliləyişlə bağlı gözləntilər mühüm rol oynayır.

Bu barədə agentliyin Ermənistanın reytinqlərinin qiymətləndirilməsinə dair hesabatında bildirilir.

Qeyd olunur ki, proqnozun “müsbət”ə dəyişdirilməsi regionda geosiyasi və təhlükəsizlik mühitinin yaxşılaşması potensialına dair baxışı əks etdirir.

“Azərbaycanla danışıqlarda əldə olunan irəliləyiş qısamüddətli təhlükəsizlik risklərini azalda bilər. Bununla belə, davamlı sülh sazişinin perspektivi hüquqi qüvvəyə malik məcburi sənədin imzalanmasından və onun effektiv icrasından asılıdır”, – hesabatda vurğulanıb.

Agentliyin ekspertləri hesab edirlər ki, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında irəliləyiş müşahidə olunur və bu, yaxın perspektivdə hərbi eskalasiya ehtimalını azaldır. “Qarabağ ətrafında mübahisənin faktiki olaraq başa çatmasından sonra tərəflər suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan hərtərəfli sülh sazişi üzərində fokuslanıblar”, – “S&P” bildirir.

Hesabatda qeyd edilir ki, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma mühüm siyasi mərhələ olmaqla təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verib. Normallaşma istiqamətində atılan ilk addımlar regional nəqliyyat əlaqələrinin və ticarətin müəyyən qədər yaxşılaşmasına gətirib çıxarıb.

Bununla yanaşı, sənəddə vurğulanır ki, sülh sazişinin imzalanması və ratifikasiyası prosesi hələ də mürəkkəb olaraq qalır və zaman tələb edir. Sazişin dayanıqlılığı tərəflərin siyasi baxımdan həssas qərarları icra etməyə hazırlığından, icra mexanizmlərinin etibarlılığından və təhlükəsizlik təminatlarının mövcudluğundan asılı olacaq.

Həllini tapmamış məsələlər sırasında sərhədlərin delimitasiyasının ardıcıllığı və icrasının təmin edilməsi, eləcə də konkret və aydın təhlükəsizlik təminatlarının olmaması göstərilir.

Ekspertlərin fikrincə, Ermənistanda daxili siyasi məhdudiyyətlər də sülh prosesinə əlavə qeyri-müəyyənlik yarada bilər. “Hakimiyyət yeni konstitusiya layihəsi üzərində işləyir, sənədin mart ayınadək təqdim olunacağı, referendumun isə iyunda keçiriləcək parlament seçkilərindən sonrakı dövrə planlaşdırıldığı gözlənilir. Lakin 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə istinadların preambulada saxlanılıb-saxlanılmayacağı hələ də aydın deyil. Bu məqam Azərbaycan üçün həssasdır, çünki belə istinadlar ərazi iddiaları kimi qiymətləndirilə bilər”, – hesabatda qeyd olunur.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər