“The New York Times” qəzetinin “Hill.com” investisiya platformasının təhlilinə istinadən verdiyi məlumata görə, “SpaceX” şirkətinin IPO-su şirkətin səhmlərinə sahib olan 4,4 mindən çox hazırkı və keçmiş əməkdaşını milyonçu edə bilər.
Platformanın hesablamalarına əsasən, şirkət birjaya çıxdıqdan sonra 4,4 mindən çox hazırkı və keçmiş əməkdaş milyonçu statusu əldə edə bilər. Daha 400 nəfərin isə sərvətinin 100 milyon dollar və daha yüksək səviyyəyə çatacağı gözlənilir.
Milyarder İlon Mask tərəfindən yaradılan “SpaceX” şirkəti hər səhm üçün 135 dollar yerləşdirmə qiyməti ilə təxminən 1,77 trilyon dollar dəyərləndirmə əsasında IPO-ya hazırlaşır. Bu yerləşdirmə texnologiya sektorunun tarixində ən böyük IPO-lardan birinə çevrilə və şirkətin təsisçisi ilə erkən investorların sərvətini əhəmiyyətli dərəcədə artıra bilər.
Şirkətdə təxminən 22 min nəfər çalışır. Hazırkı əməkdaşlarla yanaşı, kompensasiya proqramları çərçivəsində səhmlər əldə etmiş keçmiş işçilər də “SpaceX” səhmlərinə sahibdirlər. İşçilərin bir hissəsi şirkətdə çalışdıqları dövrdə dövri “likvidlik tədbirləri” zamanı səhmlərini satsalar da, bir çoxu paketlərini IPO-ya qədər saxlayıb.
Bəzi keçmiş əməkdaşlar on minlərlə səhmə sahibdir və şirkətin birjaya çıxmasından sonra bu onlara milyonlarla dollar gəlir gətirə bilər. Bununla yanaşı, nəşrin məlumatına görə, bəzi işçilər ilk illərdə IPO perspektivinə inanmayıb və ya səhmlərin bir hissəsindən digər kompensasiya formalarının xeyrinə imtina ediblər.
“Bloomberg” yazır ki, IPO ərəfəsində “SpaceX”in mindən çox əməkdaşı komissiyaları azaltmaq və sərvətin idarə olunması üçün daha sərfəli alətlərə çıxış əldə etmək məqsədilə birləşib. Onlar faktiki olaraq “VIP şərtlər” əldə etməyə çalışırlar.
Agentliyin məlumatına görə, özəl banklar və aktiv idarəçilərinin standart komissiyası idarə olunan aktivlərin (AUM) təxminən 1%-ni təşkil edir. Lakin qrup iştirakçıları bu göstəricini 0,5%-ə endirməyə çalışırlar.
Əməkdaşlar həmçinin kapitalın böyük hissəsinin “SpaceX” səhmlərində cəmləşməsi fonunda səhmlərin girovu ilə kreditləşmə, birbaşa indeksləşdirmə və portfellərin diversifikasiyası strategiyalarını nəzərdən keçirirlər.
“Bloomberg” qeyd edir ki, adətən əməkdaşlar IPO-dan sonra fərdi maliyyə məsləhətçilərinə müraciət edirlər. Lakin bu halda gələcək sərvətin idarə olunmasına kollektiv yanaşma formalaşır.
Təşəbbüs keçmiş “SpaceX” mühəndisinin rəhbərliyi altında qapalı “Slack” çatında müzakirə olunub və əvvəlcə ümumi sərvəti 2 milyard dollardan çox olan 200-dən artıq iştirakçını əhatə edib. Sonradan bu göstərici 20 milyard dollara qədər yüksəlib. Daxili sənədə əsasən, qrup artıq 20-dən çox maliyyə məsləhətçisinin təkliflərini araşdırıb.
“Reuters” daha əvvəl xəbər vermişdi ki, IPO zamanı “SpaceX”in dəyəri təxminən 1,75 trilyon dollara çata bilər. Eyni zamanda, şirkətin yeganə gəlirli istiqaməti olaraq “Starlink” göstərilir.
2002-ci ildə yaradılmış “SpaceX” uzun müddət qeyri-publik şirkət olaraq qalıb və onun maliyyə göstəriciləri rəsmi şəkildə açıqlanmayıb. Şirkət tarixdə ən böyük IPO-nu keçirməyi, təxminən 1,5 trilyon dollar dəyərləndirmə ilə 50 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.






