“SpaceX” kompaniyasının “Falcon 9” raket daşıyıcısı qlobal internet şəbəkəsi üçün nəzərdə tutulan “Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb.
Kompaniyanın saytında yerləşdirilən məlumata görə, yerətrafı orbitə daha 52 mini peyk çıxarılıb.
Daşıyıcı raket çərşənbə günü ABŞ-ın Sakit okean sahilləri vaxtı ilə saat 16:10-da (Bakı vaxtı ilə bu gün saat 03:10) ABŞ Kosmik Qüvvələrinin Vandenberq (Kaliforniya ştatı) bazasından start götürüb. Bu, 2019-cu ilin mayından bəri internet peyklərinin orbitə çıxarılan sayca 64-cü qrupudur. “SpaceX” indiyədək ümumilikdə 3,5 mindən çox peyk buraxıb. Onların üç mindən çoxu işlək vəziyyətdədir.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.
Hazırda “Starlink” peyk şəbəkəsi dünyanın 40 ölkəsində, o cümlədən Şimali Amerika, Avropa, Uzaq Şərq və Avstraliyada istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına əsasən, həmin peyklərin xidmətindən amerikalı hərbçilər də istifadə edirlər.