SpaceX IPO-dan sonra ilk maliyyə hesabatını açıqlayıb: 2026-cı ilin ikinci rübündə gəlir illik müqayisədə 92% artaraq 7,8 milyard dollara çatıb

Şirkətin xalis zərəri 1 milyard dollardan 541 milyon dollara qədər azalıb.

CNBC-nin məlumatına görə, SpaceX analitiklərin gözləntilərini üstələyib. Analitiklər şirkətin gəlirinin 6,93 milyard dollar olacağını proqnozlaşdırırdılar. Səhm üzrə zərər gözlənilən 26 sentə qarşı 9 sent təşkil edib.

Kosmik fəaliyyət bölməsi şirkətə 962 milyon dollar gəlir gətirib, onun əməliyyat zərəri isə 542 milyon dollar olub. Starlink 4,29 milyard dollar gəlir və 1,66 milyard dollar əməliyyat mənfəəti təmin edib.

The Verge qeyd edir ki, SpaceX-in süni intellekt sahəsindən əldə etdiyi gəlir üç dəfədən çox artaraq 2,6 milyard dollara çatıb. Bu gəlirin böyük hissəsi digər şirkətlərə hesablama resurslarının təqdim olunması ilə bağlı sövdələşmələrin payına düşüb.

SpaceX-in ikinci rübdə kapital xərcləri 18,4 milyard dollara çatıb. Bloomberg-in məlumatına görə, bunun təxminən 15,8 milyard dolları süni intellektin inkişafına yönəldilib. Bu, birinci rüblə müqayisədə iki dəfə çoxdur. Şirkət üçüncü və dördüncü rüblərdə də xərclərin eyni səviyyədə qalacağını bildirib.

İnvestorlarla görüş zamanı İlon Mask 2030-cu ilədək SpaceX-in gəlirinin 1 trilyon dollara çata biləcəyini deyib. SpaceX-in maliyyə direktoru Bret Consen bildirib ki, 2026-cı ildə Crusor süni intellekt startapının “tam inteqrasiyasından” sonra şirkət illik gəlirini 100 milyard dollara çatdırmağı planlaşdırır.

Hesabatın açıqlanmasından sonra SpaceX səhmləri 2026-cı il avqustun 5-də birjaöncəsi ticarətdə 7,4% ucuzlaşaraq hər səhm üçün 116 dollara düşüb.

SpaceX 2026-cı il iyunun 11-də IPO keçirib. Şirkət hər biri 135 dollar olmaqla 555,6 milyon adi səhm yerləşdirərək 75 milyard dollar cəlb edib. SpaceX-in bazar dəyəri 1,77 trilyon dollar qiymətləndirilib.

Şirkətin səhmləri iyunun 12-də Nasdaq birjasında ticarətə çıxarılıb. Ticarət hər səhm üçün 150 dollar qiymətlə başlayıb.

İyunun 15-də SpaceX əlavə səhm yerləşdirməsi hesabına IPO zamanı cəlb etdiyi vəsaitin həcmini 85,7 milyard dollara çatdırdığını açıqlayıb. İyunun 16-da isə şirkət Cursor süni intellekt xidmətini 60 milyard dollara alacağını bildirib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər