Amerikalı sahibkar İlon Maska məxsus “SpaceX” şirkəti iyunun 3-də səhmlərinin ilkin kütləvi yerləşdirilməsinin (IPO) rəsmi başlanğıcı ərəfəsində ABŞ-nin Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) qurumuna müraciət edib. CNBC-nin mənbələrə istinadən verdiyi məlumata görə, şirkətin bir səhminin qiyməti 135 dollar olaraq müəyyən edilib.
Gözlənilir ki, “SpaceX” 555,6 milyon səhm sataraq 75 milyard dollar vəsait cəlb edəcək. Bundan əlavə, 11,2 milyard dollar dəyərində əlavə 83,33 milyon səhm almaq hüququ verən opsion da nəzərdə tutulub.
Səhmlərin yerləşdirilməsindən sonra İlon Mask şirkətin səsvermə hüququ verən səhmlərinin 82%-dən çoxuna sahib olacaq. Yerləşdirmədə “Morgan Stanley”, “Bank of America”, “Citigroup” və “JPMorgan Chase” iştirak edir.
CNBC-nin hesablamalarına görə, səhmin qiyməti 135 dollar olduqda “SpaceX”in bazar dəyəri 1,77 trilyon dollara çatacaq ki, bu da onu ABŞ-də bazar kapitallaşmasına görə yeddinci ən böyük şirkətə çevirəcək.
Maskın şirkəti iyunun 12-də “Nasdaq” birjasında debüt etməyi planlaşdırır. “SpaceX”in IPO-su miqyasına görə tarixdə ən böyük ilkin kütləvi yerləşdirmə ola bilər.






