İlon Maskın “SpaceX” şirkəti amerikalı milyarderin başqa bir şirkətinə – “xAI”a 2 milyard dollar sərmayə qoyur, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” yazıb.
Bildirilir ki, “SpaceX”in sərmayəsi “xAI” tərəfindən keçən ay elan edilmiş 5 milyard dollarlıq maliyyə raundunun bir hissəsidir, belə ki, İlon Mask “OpenAI” ilə rəqabət aparmaq üçün öz şirkətlərindən istifadə etməyə çalışır.
Bu ilin mart ayında o, “xAI”ni 33 milyard dollar dəyərində qiymətləndirilən “X” sosial şəbəkəsi ilə birləşdirərək, AI şirkətinə “Grok” çat-botunun əhatəsini əhəmiyyətli dərəcədə genişləndirmək imkanı verib. WSJ qeyd edir ki, birləşmiş şirkət 113 milyard dollar dəyərində qiymətləndirilir.
Keçən bazar günü Mask “Tesla Inc”in səhmdarlarından şirkətin “xAI”yə sərmayə qoya biləcəyinə dair səs vermələrini xahiş edəcəyini söyləyib. O, əvvəllər demişdi ki, “Tesla” bunu etsə, əla olar. O, həmçinin “Tesla”nın “xAI” ilə birləşməsini dəstəkləmədiyini bildirib.