Sözügedən raket Floridada yerləşən Kennedy kosmik mərkəzinin kosmodromundan start götürərək Mars planetinə yola düşdü. Qeyd etmək lazımdır ki, raketin daxilində faydalı yük qismində Musk-ın Tesla Roadster avtomobili olub. Avtomobilin daxilinə isə süni astronavt yerləşdirilib. Bundan əlavə olaraq Marsa olacaq bütün yol boyunca avtomobildə David Bowie-nin “Space Oddity” mahnısı səslənəcək. Avtomobil isə saniyədə 11 km sürətlə kosmosda səyahətinə davam edəcək.
Musk-ın ideyasına əsasən həmin avtomobil Mars ilə Yer kürəsi arasındakı orbitdə milyardlarla il ərzində qalacaq. Əgər hər şey uğurlu olarsa avtomobil Günəşi dövr edərək gah Yer kürəsinin gah da Marsın orbitinə yaxınlaşacaq. Lakin Mars planetinin özünə Tesla Roadster çatmayacaq. Belə ki, onun öz mühərriki yoxdur və buna görə də o öz istiqamətini tənzimləyə bilmir. Əslində isə “SpaceX”in əsas hədəfi avtomobili Marsa göndərmək deyildi. Onun əsas məqsədi Falcon Heavy raketini yoxlamaq idi. Hər-halda Elon Musk və onun “SpaceX” şirkəti tarix yazdılar.