“SpaceX” tarixin ən böyük IPO-su zamanı $75 milyard cəlb edib

“SpaceX” tarixin ən böyük ilkin kütləvi səhm təklifi (IPO) çərçivəsində 75 milyard dollar vəsait cəlb edib. Bu barədə şirkətin açıqlamasında bildirilir.

İlon Maskın rəhbərlik etdiyi şirkət “Nasdaq” birjasında hər biri 135 dollar qiymətində 555,6 milyon səhm yerləşdirib. Nəticədə “SpaceX”in bazar dəyəri 1,77 trilyon dollara çatıb və şirkət dünyanın ən böyük 10 açıq səhmdar cəmiyyətindən birinə çevrilib.

Bazar kapitallaşmasına görə “SpaceX” yalnız “Broadcom” (1,8 trilyon dollar), TSMC (1,85 trilyon dollar), “Amazon” (2,6 trilyon dollar), “Microsoft” (2,9 trilyon dollar), “Alphabet” (4,3 trilyon dollar), “Apple” (4,3 trilyon dollar) və “Nvidia”ya (4,96 trilyon dollar) uduzur. Şirkət bazar dəyərinə görə Maskın digər şirkəti olan “Tesla”nı da geridə qoyub. “Tesla”nın kapitallaşması iyunun 11-də keçirilən hərracların yekununda 1,5 trilyon dollar təşkil edib.

“Bloomberg”in məlumatına görə, “SpaceX”in cəlb etdiyi vəsait 2019-cu ildə rekord müəyyən edən “Saudi Aramco”nun IPO zamanı topladığı 29,4 milyard dolları iki dəfədən çox üstələyib. Şirkətin əməkdaş opsionları və məhdud səhmlər nəzərə alınmaqla dəyəri təxminən 1,8 trilyon dollar qiymətləndirilir.

“SpaceX” anderrayterlərə əlavə 83,3 milyon səhmi IPO qiyməti ilə almaq hüququ da verib. Bu opsion tam istifadə olunarsa, yerləşdirmənin ümumi həcmi təxminən 86 milyard dollara yüksələcək. “Bloomberg”in məlumatına görə, səhmlərə tələbat təklifi dörd dəfədən çox üstələyib.

Şirkət IPO-dan əldə edilən vəsaiti “Starlink” peyk internet şəbəkəsinin genişləndirilməsinə, “Starship” raket proqramına, eləcə də süni intellekt və kosmik infrastruktur layihələrinə yönəltməyi planlaşdırır.

SPCX tikeri altında səhmlərin ticarətinə iyunun 12-də “Nasdaq” və “Nasdaq Texas” birjalarında başlanılıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər