İlon Maskın rəhbərlik etdiyi “SpaceX” şirkətinin bitkoin ehtiyatı son iki ayda 1 milyard dollardan 456 milyon dollara düşüb. Bildirilir ki, şirkətin kripto hesabında ümumilikdə 5012 BTC qalıb.
Son çıxarış 5 dekabr tarixində “SpaceX”ə məxsus “144ZP…” ünvanından edilib və bu əməliyyatla həmin cüzdanın balansı sıfırlanıb. 1083 BTC (99,8 milyon dollar) “CoinbasePrime” vasitəsilə iki yeni ünvana köçürülüb.
Xatırladaq ki, 26 noyabrda “SpaceX” 1163 BTC (105 milyon dollar), 24 oktyabrda — 1215 BTC (133 milyon dollar), 21 oktyabrda isə daha 2,5 min BTC (268 milyon dollar) çıxarıb.
Payız ərzində cüzdan bir neçə dəfə doldurulsa da, nəticədə balans azalıb — həm bitkoin çıxarışlarına görə, həm də aktivin qiymətinin düşməsinə görə. Son bir ayda BTC 10%, tarixi maksimumdan sonrakı iki ayda isə 27,5% ucuzlaşıb.
Qeyd edək ki, “SpaceX” balansında ən çox bitkoin saxlayan tanınmış özəl şirkətlər arasında dördüncü yeri tutur.






