Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən “Qara-Çanaq” müəssisəsində yoxlama keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı bəzi məhsulların etiket məlumatlarında “Alfa” tipli etil spirtindən istifadə edildiyi qeyd olunsa da, “Lyuks” və 1-ci növ rektifikasiya olunmuş etil spirtindən istifadə olunduğu, “Московские вечер”, “Славянская” və “Захара” nişanlı alkoqollu içkilərin etiket məlumatlarında istehsal tarixinin qeyd olunmadığı, məhsulların üzərində qeyd olunmasına baxmayaraq, osmos üsulu ilə təmizlənmiş su və təbii baldan istifadə edilmədiyi, həmçinin sanitariya norma qaydalarına və gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar edilib. Belə ki, arağın süzməyə hazırlanması zamanı butulkaların su-spirt qarışığı ilə yuyulub təmizlənməsi sahəsinin təşkil olunmadığı, istehsalatda istifadə olunan suyun məhsulun hazırlanmasından öncə yumşaldılmadığı və birbaşa spirtlə qarışdırılıb müxtəlif nişanlı butulkalara doldurulduğu, su və spirtin çənlərə, qablaşdırma sahəsinə ötürülməsi zamanı plastik borulardan istifadə edildiyi, istehsalat sahəsində divar və döşəmələrin tamlığının pozulduğu və asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi, giriş-çıxışda dezbaryerin quraşdırılmadığı, məhsulların eyni sahədə, natəmiz şəraitdə hazırlandığı, mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin həyata keçirilmədiyi müəyyən olunub.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar inzibati məsuliyyətə cəlb edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam edir.