“S&P”nin dollar/manat cütlüyü ilə bağlı “1,97” proqnozu nə dərəcədə realdır? – ŞƏRH

Foto: Sputnik

Bir neçə gün öncə “S&P Global Ratings” agentliyi Azərbaycanın reytinqini növbəti dəfə təsdiq edib. Agentliyin açıqlamasında ölkənin iqtisadi vəziyyəti ilə bağlı gözləntilər öz əksini tapıb. Hazırda cəmiyyətin əsas diqqəti Agentliyin manatın gələcək məzənnəsi ilə bağlı proqnozunadır. Proqnoza görə, bu il manatın dollara nəzərən məzənnəsi 1,79, 2020-ci ildə 1,87, 2021-ci ildə isə 1,97 olacaq. Yəni ucuzlaşma uyğun olaraq 5,3%, 4,5% və 5,4% olacaq. Agentliyə inansaq, 2019-2021-ci illərdə manat dollar qarşısında dəyərini 15,9% itirəcək. Bu, proqnoz nə dərəcədə realdır?

Banker.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev şərh bildirirb.

S.Əliyev bildirir ki, beynəlxalq təşkilatların proqnozları mövcud şəraitə əsasən tərtib edilir və il ərzində bir neçə dəfə yenilənir. BVF (Beynəlxalq valyuta Fondu) və digər maliyyə institutlarının timsalında bunu görmək olur. Buna səbəb dünya baş verən gözlənilməz siyasi, iqtisadi hadisələrdir. Bu baxımdan S&P Global Ratings agentliyinin proqnozu da möcvud iqtisadi şərait kontekstində baxılmalıdır və onun dəyişilməsi ehtimalını mümkün saymaq lazımdır.

Bu proqnoz nə dərəcədə realdır?

“Yenə hər şey neftin qiymətindən asılı olacaq. Agentlik hesab edir ki, 2019-cu ildə neftin qiyməti 2018-ci illə müqayisədə 24% ucuzlaşacaq və proqnozu da neft qiymətinin ucuzlaşmasına əsaslanıb. Əgər neftin qiyməti bahalaşacaqsa və bu hədd 70 dollardan yüksək olacaqsa, manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır. Hökumət ucuzlaşmanı ancaq ixracı stimullaşdırmaq məqsədilə edə bilər. Bu isə hələki Azərbaycan üçün aktual deyil. Çünki mövcud qeyri-neft ixracımızın zəif olmasının səbəbi milli valyutanın məzənnəsi deyil. Əgər neft 30-40 dollar səviyyəsinə düşəcəksə, bu halda manatın kəskin ucuzlaşması baş verəcək. Mərkəzi Bank 2015-ci ildə olduğu kimi ehtiyatlarını xərcləməyəcək. Ən yaxşı halda bazara qısamüddətli dəstək verəcək. Neftin ucuzlaşması uzunmüddətli olacaqsa növbəti ucuzlaşma qaçılmazdır.”- deyə, ekspert bildirir.

Standard & Poor’s-un binasının Nyu-Yorkun maliyyə küçəsində görnüşü | REUTERS/Brendan McDermid

S. Əliyev hər bir halda Agentliyin proqnozuna neftin qiymətinin proqnozlaşdırılan səviyyədə (24%) ucuzlaşması kontekstində baxmaq lazım olduğunu bildirir. Qeyd etmək lazımdır ki, Mərkəzi Bank birmənalı olaraq manatın sabitliyində maraqlıdır: “Bunu maliyyə sektorunun, o cümlədən bank sektorunun vəziyyəti diktə edir. Bank sektorunda dollarlaşmanın yüksək olaraq qalması devalvasiyanın onlar üçün öldürü olması ilə nəticələnə bilər. Depozitlərin kreditləri üstələməsi səbəbindən bank sektorunda yaranmış izafi likvidlik məzənnənin sabitliyinin vacibliyini bir daha zəruri edir. Bu baxımdan Mərkəzi Bank fors-major baş verməzsə, ən azı bu il manatın məzənnəsini dəyişməyə cəhd etməyəcək. Növbəti illərdə isə neftin indiki qiymətləri həddində qeyri-neft ixracının artım tempindən və bank sektorunun sağlamlaşma səviyyəsindən asılı olaraq dəyişiklik mümkündür”.