Dünən, yanvarın 23-də musiqi striminqi xidməti “Spotify” işçilərinin 6%-ni ixtisar etdiyini açıqlayıb. Ümumilikdə, şirkətdə 9.8 min nəfər çalışır, yəni ixtisar 600-dən az işçiyə təsir edəcək. Şirkətin baş direktoru Daniel Ek verdiyi açıqlamada bunu səmərəliyin artırılması və xərclərin azaldılmasının vacibliyini izah edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Qeyd edək ki, keçən ildən çətin makroiqtisadi vəziyyət və onlayn reklam bazarında tənəzzül fonunda texnologiyalar sahəsində fəaliyyət göstərən bir çox şirkətlər ixtisarlar aparır. Elə ötən həftə “Alphabet” və “Microsoft” genişmiqyaslı ixtisarlar elan edib.
“Spotify” həmçinin kontent və reklam direktoru olan Don Ostroffun getməsi ilə idarəetmədə bəzi dəyişikliklər edəcəyini açıqlayıb. Bundan əlavə, şirkətdə iki yeni vəzifə yaranacaq – biznes direktoru və məhsul direktoru. Spotify-ın səhmləri elandan sonra 4.5% artıb, şirkətin səhmləri 2021-ci ilin sonundan bəri 58% azalıb.