1980-ci illərin sonlarında Anura Kumara Dissanayake Şri-Lankanın liderlərini öldürmək və hökuməti silahlı üsyanla devirmək istəyən marksist-leninçi bir partiyaya qoşulmuşdu. Bazar günü isə o, səsvermədə dinc yolla prezident seçildi.
55 yaşlı Dissanayake, öz Janatha Vimukthi Peramuna (JVP) partiyasının zorakı keçmişini rədd edib və onu Şri-Lanka siyasətinin əsas axınına doğru yönəldib. Bununla belə, prezidentliyin bir neçə siyasi nəsil arasında dövr etdiyi bir ölkədə, onun hakimiyyətə yüksəlişi ölkənin 22 milyon insanı arasında qəzəb dalğasını əks etdirir. Bu barədə Bloomberg yazır.
“Elita özlərindən kənar fikirləşir ki, bu “kənar adam” əslində bu ölkəyə rəhbərlik edə bilər” — deyə Dissanayakenin koalisiyasının üzvü və millət vəkili Harini Amarasuriya bildirib. “O, 24 ildir parlamentdədir və 30 il ərzində siyasi fəal olub, buna görə də bunu nəzərə almamaq olmaz.”
2022-ci ildə küçə etirazçıları maliyyə idarəçiliyindəki səhvləri ölkəni müflisliyə aparan və ərzaq və yanacaq kimi əsas malların qıtlığına səbəb olan o zamankı prezident Qotabaya Rajapaksanı devirdi. Parlament Şri-Lankanı Beynəlxalq Valyuta Fondu (BVF) ilə danışıqlara aparmaq üçün Ranil Vikremesinheyi təyin etdi. BVF ölkənin maliyyəsini düzəltmək şərtilə 3 milyard dollarlıq yardım paketini təsdiqlədi.
Sadə vətəndaşlar isə bunu yüksək vergilər və elektrik haqları formasında ödədilər. Bazar günü onlar, vəziyyətlərini yüngülləşdirmək ümidi ilə Dissanayakeni prezident çeiblər.
Dissanayake BVF müqaviləsini ləğv etmək istəmir — bu, partiyasının üsyan günlərindən nə qədər dəyişdiyinin bir göstəricisidir. Lakin o, kasıbların yükünü yüngülləşdirmək üçün kredit şərtlərinin bəzilərini yenidən müzakirə etmək niyyətindədir. Həmçinin, Dissanayakenin əvvəlki administrasiya ilə istiqraz sahibləri arasında təxminən 12.6 milyard dollarlıq istiqrazların restrukturizasiyası ilə bağlı razılaşmanı yerinə yetirib-yetirməyəcəyi aydın deyil.
Bu qeyri-müəyyənlik investorların əhvalına mənfi təsir göstərib. Şri-Lankanın 2027 və 2029-cu illərdə geri ödəniləcək dollar istiqrazları, şənbə günkü seçkidən sonra ticarətin ilk günündə son iki ilin ən böyük enişini yaşadı. Rupinin dəyəri dollara qarşı artaraq 303.85-ə yüksəldi, investorlarda yeni liderin BVF proqramına sadiq qalacağına ümid yaranıb.
Dissanayake bazar ertəsi paytaxt Kolomboda keçirilən andiçmə mərasimində Şri-Lankanın “beynəlxalq dəstəyə ehtiyacı” olduğunu etiraf edib. “Hər hansı güc bölgüsündən asılı olmayaraq, biz ən əlverişli şəkildə hərəkət etməyi gözləyirik,” — deyə o bildirib. “Biz təcrid olunmuş bir ölkə olmamalıyıq. Dünyada birlik və əməkdaşlıqla irəliləməliyik.”
Dissanayake, 2022-ci ildəki etiraz hərəkatının tələblərini təmsil edən bir lider kimi seçki kampaniyası zamanı önə çıxdı və korrupsiyanı aradan qaldırmağa və yaxşı idarəçiliklə ölkəni idarə etməyə söz verərək seçicilərin dəstəyini qazanıb. Onun partiyası formal olaraq kommunist olaraq qalır və veb saytında çəkic və oraq loqosunu saxlayır, lakin Dissanayake böyük güclər — Hindistan və Çin arasında tarazlıq yaratmağa işarə edib.
Onun xarici siyasətində əsas sınaq, əvvəlki hökumətin xarici tədqiqat gəmilərinin Şri-Lanka sularına daxil olmasına qoyulan qadağanı ləğv etmək qərarını həyata keçirib-keçirməyəcəyi ola bilər. Şri-Lanka bu moratoriumu ilin əvvəlində ABŞ və Hindistanın Çin tədqiqat gəmilərinin səfərlərindən şikayət etməsindən sonra tətbiq etmişdi, lakin sonradan Çinlə əlaqələri kəsməmək üçün qadağanı ləğv edəcəyini açıqlamışdı.
Dissanayakenin qələbəsi Şri-Lankanın siyasi mənzərəsinin böhran illərində necə dəyişdiyini göstərir. 2019-cu ildə Dissanayake prezidentliyə namizədliyini irəli sürərkən ölkənin siyasi quruluşunu tənqid edərək, ölkənin iki aparıcı namizədinin 71 illik müstəqillik dövründəki sosial-iqtisadi problemlərdən məsul bir cəbhənin bir hissəsi olduğunu bildirmişdi.
Həmin il onun namizədliyi yalnız 3% səs toplamışdı. Bu il isə o, ikinci yeri tutan rəqibini 1.2 milyon səslə geridə qoydu.
Dissanayake 1987-1989-cu illərdə hökumətə qarşı üsyanda JVP-nin tələbə siyasətində aktiv iştirak etmişdi və partiya lideri olduqdan sonra daha geniş kütləyə müraciət etmək üçün vətəndaş cəmiyyəti liderləri və akademikləri öz sıralarına cəlb edib. Partiya həmçinin öz anti-kapitalist köklərindən uzaqlaşıb və qısa müddət ərzində koalisiya hökumətlərinə qoşulub.
Bloomberg bildirir ki, BVF razılaşmasından narazı olsalar da, Şri-Lanka iqtisadiyyatı Vikremesinhe rəhbərliyi altında irəliləyişlər göstərmişdi. İnflyasiya təxminən 70%-dən tək rəqəmli göstəricilərə düşmüş, borclanma xərcləri azalmış, iqtisadi artım sürətlənmiş və borc restrukturizasiyası danışıqlarında irəliləyiş əldə edilmişdi.
Lakin Dissanayake bazar ertəsi bildirib ki, o, “çətin bir ölkə”ni miras alıb. Andiçmədən sonra etdiyi çıxışında yeni prezident “xalqın gözlədiyi yaxşı bir siyasi mədəniyyətə ehtiyac var” deyib. “Biz buna sadiq olmağa hazırıq,” — deyə o əlavə edib.