6 C
Baku
Tuesday, January 31, 2023

Şri-Lankanın Baş naziri: “Cəmi bir günlük neft ehtiyatımız qalıb”

Şri-Lankanın yeni Baş naziri Ranil Vikremesinqhe ölkədə iqtisadi böhranın yaxın günlərdə daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Banker.az Guardian-a istinadən xəbər verir ki, Vikremesinqhe açıqlamasında “Qarşıdakı iki ay yaşadığımız ən çətin dönəm olacaq” ifadəsini işlədib. Vikremesinqhe “2019-cu ilin noyabr ayında valyuta ehtiyatlarımız $7.5 mlrd. idi, lakin bu gün büdcə üçün $1 mln. tapmaq çətindir” deyib. İqtisadi böhranın önümüzdəki günlərdə daha da ağırlaşacağı ilə bağlı xəbərdarlıq edən Vikremesinqhe bu dövrdə çətinliklərlə üzləşməyə və fədakarlıq etməyə hazır olduğunu dilə gətirib. Ölkənin neft ehtiyatlarının tükəndiyini bildirən Vikremesinqhe “Hazırda təkcə bir gün üçün kifayət edən neft ehtiyatımız var” deyib. Vikremesinqhe bildirib ki, elektrik kəsintiləri qarşıdakı iki ayda daha da pisləşəcək: “Biz özümüzü bəzi fədakarlıqlara və bu dövrün çətinlikləri ilə üzləşməyə hazırlamalıyıq”.

Qeyd edək ki, tarixinin ən böyük iqtisadi böhranı ilə üzləşən Şri-Lankada elektrikin gündə 13 saatlıq kəsilməsi ilə bağlı əhali martın sonunda etirazları gücləndirmişdi. Mayın 9-da ölkədə Baş nazirin Ofisinin ətrafına toplaşan nümayişçilər ilə hökumət tərəfdarları arasında toqquşma oldu və Kolomboda hərbi hissələr cəlb olundu. Müxalifətin artan təzyiqindən sonra baş nazir Mahinda Rajapaksa istefa verdi. Baş nazirin istefası ilə əlaqədar kabinet də avtomatik olaraq buraxıldı.

Son xəbərlər
Digər xəbərlər
X