“Sizin start kapitalı olaraq 5 dollarınız və bu məbləği artırmaq üçün tam olaraq 2 saat vaxtınız var. Vaxt getdi” – Stanford universitetinin sahibkarlıq və innovasiya professoru Tina Seelig öz mühazirəsini bu sözlərlə başlayır. O tələbələri qruplara bölür və cümə günü onlara içərisində 5 dollar olan zərf verir. Bazar ertəsi günü isə tələbələr həmin məbləği nə qədər artıra bildiklərini deyirlər. Ən uğurlu komandalar 5 dollarlıq start kapitalını 600-650 dollarlıq gəlirə çevirə bilmişlər. Bəs onlar bunu necə etmişlər? İndi öyrənəcəksiniz.
650 dollarlıq tapşırıq:
Beləliklə, necə düşünürsünüz, tələbələr onlara verilmiş bu 2 saatı xərcləmək üçün hansı vasitələrdən istifadə edirlər?
Variantlar hər zaman müxtəlifdir. Komandanın biri 5 dollara nasos almış və 1 dollar qarşılığında digər tələbələrin velosipedlərinin təkərlərini doldurmuşlar. Qəbul edək ki, pis ideya deyil. Başqa bir komanda isə populyar restoranlarda müəyyən masaları bron etmiş, daha sonra isə müştərilərin çoxaldığı vaxtda həmin masaları restoranda nahar etmək arzusunda olanlara satmışlar. Tapşırığın qalibi olmuş komandalar isə məsələyə tamamilə fərqli bucaq altından baxanlar olmuşdur.
Bəs bu 650 dolları necə qazanmaq olardı? Çox sadə şəkildə. Bazar ertəsi günü hər bir komanda Stanford universitetinin digər tələbələri qarşısında 3 dəqiqə ərzində çıxış edərək 2 saat ərzində nə edə bildiklərini danışırlar. Belə ki, bir dəfə komandalardan biri həmin o 3 dəqiqəlik çıxış vaxtını tələbələri işə götürmək istəyən bir şirkətə satmışdı. Dahiyanə ideyadır, elə deyilmi? Şirkət nümayəndələri potensial əməkdaşları qarşısında çıxış etmək üçün 650 dollar ödəmişdilər.
Tina Seelig-in tədris etdiyi kurs ən populyar mühazirələrdən biri hesab olunur. Çünki bu kurs ərzində tələbələr dünyaya və problemlərə fərqli bucaq altından baxmağı öyrənirlər. Professor əmindir ki, biznes və yaxud həyatda hansı mövqeyə sahib olmağınızdan asılı olmayaraq, vəziyyətə düzgün yanaşma ilə bu problemdən maksimum şəkildə “sağ çıxmaq” olar.
Nə qədər çox probleminin olmasının heç bir əhəmiyyəti yoxdur və onları yeni imkanlara çevirmək mümkündür. Tina sübut edir ki, yeni ideyalar yaratmaq çox sadədir! Problemləri həll etmək çox sadədir! Biznesə başlamaq çox sadədir! Pis ideyanı yaxşı ideyaya çevirmək çox asandır! Heç nəyi çətinləşdirmək lazım deyil. Sadəcə olaraq baxış bucağınızı bir qədər dəyişin.
Bu o deməkdir ki, istənilən problemi həll etməyin kreativ üsulları mövcuddur, hətta resurslarınız az olsa belə. Bu o deməkdir ki, əksər hallarda özümüz öz ətrafımızda dar çərçivələr yaradırıq və bizə elə gəlir ki, artıq çıxılmaz dalana girmişik. Bu zaman etməli olduğunuz yeganə şey isə geriyə addım atmaq və problemi daha yaxından öyrənməkdir.
Təbii ki, həyatda olduğu kimi biznesdə də risklər olmadan mümkün deyil. Heç kəs zəmanət verə bilməz ki, ideya yaxşı olacaq, məşhur olacaqsınız və çoxlu pul qazanmağa başlayacaqsınız. Lakin risk etməyən… gerisini hər birimiz yaxşı bilirik.