Cənubi Koreyadakı 2050 “Starbucks” filialında yerləşdirilən elanlara əsasən, müştərilərin özləri ilə gətirdikləri hər hansı yemək və içkilərin istehlakı qadağandır. “South China Morning Post” yazır ki, bu, şəbəkə üçün ilk belə qadağadır. Qadağanın məqsədi – məkanların “məqsəddən kənar” istifadəsini məhdudlaşdırmaqdır. Qaydalarda yeganə istisna uşaq qidasıdır. Qadağanı pozanlara qarşı hansı tədbirlərin görüləcəyi açıqlanmır.
Cənubi Koreyada “Starbucks” ənənəvi olaraq “üçüncü məkan” konsepsiyasına əməl edirdi – yəni müştərilər buraya işlə ev arasında dincəlmək üçün gəlirdilər və öz yeməklərini gətirə bilirdilər. Şirkət bildirib ki, bu siyasətdən imtina etməyib, sadəcə qaydaları yeniləyib ki, kofeşoplardakı atmosfer daha rahat və xoş olsun.
2025-ci ilin avqustunda Cənubi Koreyadakı “Starbucks” filialları müştərilərin “böyük” ofis avadanlıqları, o cümlədən stol arakəsmələri və printerlər gətirməsini qadağan etmişdi.
Qeyd edək ki, Cənubi Koreya “Starbucks” üçün ABŞ və Çindən sonra üçüncü ən böyük bazardır. 2024-cü ildə ölkə filialların sayı baxımından Yaponiyanı geridə qoyub.