İlin ilk yarısındakı mənfi iqtisadi vəziyyət 2024-cü ilə qədər davam edə biləcək kiçilmənin ilkin şoku ola bilər. Bir vaxtlar “Morgan Stanley”nin Asiya bölməsinə rəhbərlik etmiş Yale Universitetinin iqtisadiyyat üzrə baş professoru Stiven Roç deyib ki, ABŞ-ın tənəzzüldən çıxmaq üçün “möcüzə”yə ehtiyacı var.
Banker.az xəbər verir ki, Roç bunları CNBC-yə verdiyi müsahibədə danışıb.
“Bu kütləvi pul sərtləşdirməsinin gecikən təsirləri hiss olunmağa başlayanda mütləq tənəzzül yaşayacağıq. Hələlik bütün bu təsirlər hiss olunmur” deyə, o, xəbərdarlıq edib.
Xatıqladaq ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauel ötən həftənin cümə günü “Cekson Hol”da verdiyi açıqlamalarda mərkəzi bankın inflyasiya ilə mübarizəni davam etdirəcəyini vurğulamışdı. İyul ayında ABŞ-da inflyasiyanın azalmasından sonra pul siyasətində dəyişiklik gözləyən bazarlar FED sədrinin bu açıqlamasından sonra məyus olmuşdu.
Keçmiş Fed üzvü olan Roç, Pauelin FED-in keçmiş sədri Pol Volkerin izi ilə getməkdən başqa çarəsinin olmadığını deyib. Qeyd edək ki, Volker 1980-ci illərdə hiperinflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini aqressiv şəkildə artırmışdı.
Məşhur iqtisadçı mövzu ilə bağlı açıqlamasında bunları əlavə edib: “Biz Paul Volkerin inflyasiyanı aradan qaldırmaq üçün ABŞ iqtisadiyyatına tətbiq etməli olduğu oxşar çağırış növünə qayıdırıq. Buraya çatmağımızın yeganə yolu, Cerom Pauelin rəhbərliyi altındakı Fed-in sözünə sadiq qalması, maliyyə intizamına fokuslanması və real Federal fond faiz dərəcəsini məhdudlaşdırıcı əraziyə itələməsidir. Və bu ərazi indi olduğumuz yerdən çox uzaqdır”.
FED-in kəskin faiz artımına baxmayaraq, ABŞ-da işsizlik səviyyəsi 3.5% səviyyəsində qalıb. Bu göstərici 1969-cu ildən bəri ən aşağı işsizlik səviyyəsidir. Cümə günü ABŞ Əmək Statistikaları Bürosunun avqust ayına olan məşğulluq hesabatını təqdim edəcək. Roç işsizliyin artmağa başlayacağını proqnozlaşdırır: “İşsizlik səviyyəsi yəqin ki, 5%-dən yuxarı qalxacaq. Ümid edirəm ki, bundan yüksək olmayacaq, amma 6%-ə qədər qalxa bilər. İqtisadiyyatda ÜDM-də məcmu azalma 1.5% ilə 2% arasında olacaq. İşsizlik səviyyəsi ən azı 1-2 faiz bəndi artmalı olacaq.Bu, standart tənəzzül olacaq”.
ABŞ üçün son dönüş nöqtəsi istehlakçılarla bağlı ola bilər. Roç inflyasiyanın davamlı olması səbəbindən istehlakçı tərəfinin tezliklə təslim olacağını proqnozlaşdırır. Məşhur iqtisadçı istehlakçı xərclərinin geri çəkilməsinin bütün iqtisadiyyata əks-səda verəcəyini və onun təsirlərinin məşğulluq bazarında da hiss olunacağını proqnozlaşdırır.