Stokholm sindromu – psixoloji fenomendir və mahiyyəti qurbanın zamanla öz təcavüzkarına qarşı duyduğu simpatiyadır. Məsələn, əsirlər zamanla öz işğalçılarına simpatiya duymağa başlayır və könüllü şəkildə onunla əməkdaşlığa başlayır.
“Stokholm sindromu” termininin müəllifi 1973-cü ildə Stokholmda əsirlərin ələ keçirilməsində polisə yardım etmiş isveç kriminalist Nils Bejerot-dur. Hadisə isə belə baş vermişdi: 23 avqust 1973-cü ildə həbsdən qaçmış məhkum Yan Erik Ulsson silahlı şəkildə Stokholmun mərkəzində banka daxil olur və bankın 4 əməkdaşını girov götürür. Bunlar 3 qadın və 1 kişi idi.
Qarətçi öz tələblərini irəli sürür və pul, silah, maşın və öz kamera yoldaşı Klark Ulafssona azadlıq tələb edir. Əks təqdirdə isə əsirləri öldürəcəyini bildirir. Onun kamera yoldaşının azad edilməsi ilə bağlı tələbi dərhal yerinə yetirilir və məhkum banka gətirilir. Əsir olmuş bank əməkdaşları kiçik bir məkanda 5 gün ərzində terroristlərlə birgə qalmalı olur. Lakin Ullsonun digər tələbləri yerinə yetirilmədikdə əsirlər ilə hədələməyə başlayır və onları asacağını bildirir.
Vəziyyət çox gərgin hal alır. Lakin iki gün də keçdikdən sonra qarətçilər və əsirlər arasında münasibətlər dəyişir. Daha doğrusu, yaxşılaşır. Əsirlər polisi tənqid etməyə və onların azadlığa buraxılması üçün danışıqlara başlayırlar. Hətta əsirlərdən biri İsveçin baş nazirinə zəng edərək qarətçilərdən qətiyyən qorxmadığını və əksinə onlara qarşı simpatiya duyduğunu bildirir.
Bu dramın sonunda polislər qaz bombası hücumu ilə içəri daxil ola bilirlər. Ulsson və Ulafsson həbs edilir, əsirlər isə azadlığa buraxılır. Azadlığa çıxan əsirlər bildirirlər ki, qarətçilərdən qətiyyən qorxmayıblar.
Nəticədə əsirlər və qarətçilər arasında “isti” münasibətlər olduğu kimi qalır.