2023-cü ildən etibarən lisenziya alıb stomatoloq xidmətləri göstərirəm. Obyektdə yeni nəsil nəzarət-kassa aparatı və həmin aparata inteqrasiya edilmiş POS-terminal quraşdırmışam. Eyni zamanda 01.01.2024-cü il tarixdən könüllü ƏDV qeydiyyatındayam. 2024-cü ilin yanvar ayında ümumi dövriyyəm 20.000 manat, o cümlədən nağdsız dövriyyəm 8.500 manat olub. Bilmək istərdim ki, Vergi Məcəlləsində bu fəaliyyət üzrə güzəşt nəzərdə tutulubmu?
Banker.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il 1 yanvar tarixindən 3 il müddətinə onun ƏDV üzrə vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır. Eyni zamanda özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən, bu Məcəllənin 174.5-ci maddəsinə uyğun olaraq, ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır.
Qeyd olunanlara əsasən, 2024-cü il yanvarın 1-dən tərəfinizdən hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyənizin 50 faizi ƏDV üzrə vergi tutulan ümumi dövriyyənizdən çıxılmaqla ƏDV hesablanır:
8.500 x 50% = 4250 manat;
(20.000 – 4.250) x18% = 2.835 manat.
Azaldılan ƏDV məbləği üzrə əldə edilən gəlirlər gəlir vergisindən azaddır.
4.250 x 18% = 765 manat.
Əsas: Vergi Məcəlləsinin 102.1.41-ci və 174.5-ci maddələri