Strategy şirkəti (keçmiş MicroStrategy, MSTR tikeri) 29 dekabr–5 yanvar tarixləri arasında 1 287 bitkoini 116,3 milyon ABŞ dollarına aldığını bildirib.
Yanvarın 5-nə olan məlumata görə, Strategy-nin balansında 673 783 bitkoin var ki, bu da ümumi emissiyanın 3 faizindən çoxunu təşkil edir. Şirkət 2020-ci ildən bəri bu bitkoinlərin alınmasına ümumilikdə təxminən 50,5 milyard ABŞ dolları xərcləyib, orta alış qiyməti isə 1 BTC üçün təxminən 75 min ABŞ dolları olub.
Alış əməliyyatı tam şəkildə MSTR səhmlərinin yerləşdirilməsi və satışı hesabına maliyyələşdirilib. Yanvarın əvvəlindən etibarən MSTR səhmləri təxminən 3% bahalaşıb. Bundan əvvəlki beş ay ərzində isə kotirovkalar 60%-dən çox geriləmişdi.
Strategy-nin qurucusu Maykl Seylor bildirib ki, şirkət eyni zamanda ehtiyat fonduna əlavə olaraq 62 milyon ABŞ dolları yönəldib və bununla da ehtiyatın həcmini 2,25 milyard ABŞ dollarına çatdırıb.






