Maykl Seylorun Strategy şirkəti 2026-cı ilin ikinci rübünün yekunları üzrə 8,2 milyard dollar xalis zərər açıqlayıb. Şirkət ötən ilin eyni dövründə təxminən 10 milyard dollar mənfəət əldə etmişdi.
Zərərin əsas səbəbi bitkoinin yenidən qiymətləndirilməsi nəticəsində yaranan reallaşdırılmamış itkilər olub. Rüb ərzində şirkət bitkoin ehtiyatlarını 11% artırıb, daha sonra isə onların bir hissəsini satmağa başlayıb.
Hazırda Strategy-nin balansında 843 775 BTC və 3,75 milyard dollar həcmində nağd dollar ehtiyatı var. Şirkət 2020-ci ildən bəri bitkoin alışına ümumilikdə 63,69 milyard dollar xərcləyib. Bir bitkoinin orta alış qiyməti 75 476 dollar təşkil edib.
İlin əvvəlindən Strategy imtiyazlı STRC səhmləri üzrə dividendlərin ödənilməsi üçün 220 milyon dollar dəyərində bitkoin satıb. Şirkət bildirib ki, dollar ehtiyatını artırmaq, STRC üzrə dividendləri ödəmək və ya öz səhmlərini geri almaq məqsədilə bu üsul digər kapital cəlbetmə variantlarından daha sərfəli olarsa, gələcəkdə də bitkoin satışını davam etdirəcək.
Şirkət həmçinin açıqlayıb ki, bundan sonra cəlb olunan vəsait tam həcmdə bitkoin alışına yönəldilməyəcək. Bu vəsait bitkoin alınması ilə dollar ehtiyatının artırılması arasında bölüşdürüləcək. Strategy hələlik bitkoini girov qoyaraq borclanma variantını nəzərdən keçirmir.
MSTR səhmləri son bir ildə 80% ucuzlaşıb. Son dövrlərdə şirkət kapitalı yalnız yeni səhmlərin emissiyası və satışı hesabına cəlb edir.







