14 C
Baku
Wednesday, November 20, 2024

Strateji təhlil üçün SWOT

Strategiya, strateji təhlil anlayışları qədər də olmasa yəqin ki əksəriyyətimiz bu günə qədər ən azı 1 dəfə də olsa SWOT sözü ilə rastlaşmışıq. Ona görə yox ki əvvəlki sözlər çox elmi, dərin erudisiya tələb edir, ona görə ki, SWOT çoxfunksiyalı mahiyyəti etibarı ilə bir çox istiqamətlərdə mütəmadi olaraq tətbiq edilən uğurlu təhlil alətlərindən biridir.

Hər bir halda təkrar biliyin anasıdır və ya bilməyənlər üçün SWOT: hər hansı qurumun mövcud vəziyyətinin təhlili üçün tətbiq edilən təhlil metodlarından biridir. Bu zaman, qurumun fəaliyyətinə təsir edən həm daxili faktorlar, həm xarici faktorlar təhlil edilir. Daxili faktorlar (maliyyə, insan resursları və digər) dedikdə qurumun təsir edə bildiyi faktorlardırsa, xarici faktorlar isə qurumdan asılı olmayan kənar (makroiqtisadi mühit, qanunvericlik bazası, siyasi atmosfer və digər) faktorlar nəzərdə tutulur.

+ Bəs, SWOT təhlilinə nəyə görə ehtiyac var?

–  Ən azı qurumun mövcud vəziyyətini təhlil etmək, ən çoxu isə qurumun daha böyük hədəflərinə varmağa mümkün həllər təqdim etdiyi üçün.

Bəs, SWOT təhlili necə hazırlanır?

Gəlin, əvvəl qısaca “S”, “W”, “O” və “T” ilə tanış olaq:

S(trengths) – qurumun daxili G(üclü) tərəflərini əhatə edir.

W(eaknesses) – qurumun daxili Z(əif) tərəflərini əhatə edir.

O(pportunities) – qurumun kənar İ(mkanlarını) əhatə edir.

T(hreats) – qurumun kənar T(əhlükələrini) əhatə edir.

Göründüyü kimi Güclü tərəflər və İmkanlar quruma aid müsbət məqamlara toxunursa, Zəif tərəflər və Təhlükələr qurumun mənfi tərəflərini aşkara çıxarır.

Təhlilin hazırlanmasına gəldikdə isə hər bir tərəf, istiqamət üzrə mövcud vəziyyət müəyyən suallara cavab verilməklə formalaşdırılır. Əldə edilmiş nəticələr daha sonra 2×2 matrisində cədvəl formasında vizual olaraq tərtib olunur.

Güclü tərəfləri (Strengths)  müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:

  • Qurum hansı işləri, funksiyaları uğurlar icra edir?
  • Qurum hansı güclü resurslara malikdir?
  • Qurum mövcud olduğu sektorda kənardan hansı güclü tərəflərinə görə tanınır?

Zəif tərəfləri (Weaknesses) müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:

  • Qurum hansı fəaliyyət istiqamətlərində çatışmazlıqlar yaşayır?
  • Qurumun hansı resurslarında məhrumiyyət mövcuddur?
  • Qurum daxilində hansı zəif tərəflərin mövcud olunduğu bilinir?

Fürsətləri (Opportunities)  müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:

  • Qurum üçün hansı fürsətlər, imkanlar mövcuddur?
  • Qurum hansı müsbət tendensiyalardan faydalana bilər?
  • Qurum güclü tərəflərini fürsətlərə hansı formada çevirə bilər?

Təhlükələri (Threats) müəyyənləşdirmək üçün suallar aşağıdakılar ola bilər:

  • Qurumun fəaliyyətinə hansı faktorlar mənfi təsir göstərə bilər?
  • Qurumun mövcud olduğu sektorda, ölkədə rəqabətin səviyyəsi nə formadadır?
  • Qurumun hansı təhlükələri onun fəaliyyətini zəiflədə bilər?

Bütün bu sadə prosedurlar SWOT təhlilinin nə qədər çevik, rahat və bir o qədər də effektiv metod olduğunu göstərir. Buna görədir ki, bu təhlil metodu hər bir sahədə və istiqamətdə ən geniş formada tətbiq olunan təhlil, strateji təhlil alətlərindən birincisidir.

 

Son xəbərlər
Digər xəbərlər