10 C
Baku
Thursday, December 12, 2024

Strateji yol xəritəsindəki məsələləri Mərkəzi Bank 69%, Vergilər Nazirliyi 50% yerinə yetirib

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlanmağa başlandı. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, bütün strateji yol xəritələri üzrə icra səviyyəsi bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar kursu 2017-ci ildə də uğurla davam edib: “Prezident İlham Əliyev 2017-ci ili dərin və sistemli islahatlar ili adlandırib. 2017-ci ilin sabitləşdirmə və 2018-ci ilin isə iqtisadi inkişaf ili olmasında Prezidentin rəhbərliyi ilə həyata keçirilən strateji yol xəritələrinin xüsusi rolu olub.” “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” üzrə monitorinq və qiymətləndirmə barədə məlumat verən Vüsal Qasımlı bildirib ki, bu xəritə üzrə ümumi icra səviyyəsi 92 faizdir. Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 86 faizinin icra tamamlanıb, 12 faizi qismən icra edilib və 2 faizi isə icra edilməyib.

Vüsal Qasımlı mətbuat konfransı zamanı həmçinin bu fikirləri əlavə edib:

“2017-ci il ərzində Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsinin ilk hədəfiFiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi – üzrə tam icra 67 faiz, qismən icra 25 faiz olunub, cəmi 8 faiz tədbir icra edilməyib. Bu istiqamətdə makroiqtisadi koordinasiyanın təmin edilməsi, “Qızıl qayda” prinsipi ilə uzlaşdırmanın həyata keçirilməsi, yeni alternativ lövbərin hədəflənməsi, tam üzən məzənnə rejiminə keçidin təmin edilməsi, banklararası bazarın fəaliyyətinin təkmilləşdirilməsi, Ortamüddətli Xərclər Çərçivəsi, adekvat iqtisadi gözləntilərin formalaşdırılması və idarə edilməsi istiqamətində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. Pul təklifi kanallarının nəzarətə götürülməsini təmin edən pul proqramı (2017-ci il üçün) qəbul edilib və ilin yekunu üzrə bu proqrama əməl edilib.

Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində ikinci hədəfÖzəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi üzrə icra səviyyəsi belə olunub:

71 faiz tam icra və 29 faiz qismən icra.

Dövlət mülkiyyətçiliyinə əsaslanan tələbatı müəyyən edən meyarlar nəzərə alınmaqla “Ortamüddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin siyahısı” yenilənib. Dövlət əmlakının özəlləşdirilməsi prosesi sürətləndirilərək 40-a yaxın müəssisə və obyektin özəlləşdirilməsi barədə qərar qəbul edilib və onlardan 13-ü özəlləşdirilib. Özəlləşdirilməyə açıq elan edilib müəssisə və obyektlərə dair vahid məlumat bazası, “Özəlləşdirmə Portalı” və 2018-ci il üzrə “Özəlləşdirmə Gündəliyi” hazırlanib. Nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə, əsasən prioritet sektorları əhatə edən müəssisələrin qiymətləndirilməsi aparılib və potensial inkişaf istiqamətləri təhlil edilib. Yeni yanaşma hesab olunacaq daha bir məqam ondan ibarətdir ki, bundan sonra özəlləşdirilən istehsal təyinatlı müəssisələr əsasən investisiya müsabiqələri vasitəsilə özəlləşdiriləcək və bu zaman potensial alıcılardan İnvestisiya Proqramı (biznes-planın) icra olunması tələb olunacaqdır.

Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində üçüncü hədəfİnsan kapitalının inkişaf etdirilməsi üzrə icra səviyyəsi 100 faiz olub. 2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul olunub, “Ümumi təhsildə keyfiyyət ili” elan edilib, müəllimlərin diaqnostik qiymətləndirilməsi davam etdirilib, “Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul Qaydaları” təsdiq edilib və təşkil olunan müsabiqə nəticəsində 198 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Habelə “Peşə təhsili haqqında” qanun layihəsi işlənib hazırlanıb, “Ali təhsil müəssisələrinə tədqiqat universiteti statusunun verilməsinə dair Tələblər” təsdiq edilib və “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirilib. Ölkədə innovasiya fəaliyyətinə investisiya qoyuluşunun təşviq edilməsi istiqamətində beynəlxalq təcrübə öyrənilməklə, Azərbaycan Respublikasının milli innovasiya sisteminin formalaşması və inkişafına dair proqramın layihəsi hazırlanib.

Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində dördüncü hədəf – əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə 2017-ci ildə nəzərdə tutulan hissənin 94 faizinin icra tamamlanıb, 6 faizi qismən icra edilib. Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanib. “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Bu tədbirlər planı çərçivəsində beş mötəbər beynəlxalq hesabat üzrə 18 istiqamətdə biznes mühitinin əlverişliliyinin artırılması üçün fəaliyyətlər həyata keçirilir. 2017-ci ildə səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılib. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə “Dövlət xidmətlərinin təşkilində DATA analizi”, “Açıq hökumət məlumatlarından istifadə edilməsi” və “Elektron hökumət həlləri” kimi araşdırmalar aparılib. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, “Dünya Bankı”nın “Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində “Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilib. Dövlət xidmətlərinin təşkilində “Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların  və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılib, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb.

İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət Statistika Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb Komissiya və Maliyyə Sabitiliyi Şurası “Milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində” 2017-ci ildə nəzərdə tutulan tədbirləri 100 faiz icra edib. Əmlak Məsələləri Dövlət Komitəsi 83 faiz,  Mərkəzi Bank 69 faiz və Vergilər Nazirliyi 50 faizlik icra göstəricisinə malikdirlər.

V.Qasımlı onu da qeyd edib ki, strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin ictimaiyyyətə təqdim edilməsi açıq hökümət, yaxşı idarəetmə, şəffaflıq və hesabatlılıq meyarlarına uyğundur: “Beləliklə, iqtisadi islahatların nəticələrinin açıq ictimai müzakirəsi aparılır ki, bu da bütün maraqlı tərəflərin rəy və təkliflərinin qərarların qəbulu prosesində nəzərə alınmasına zəmindir. Prezident İlham Əliyevin rəhbərliyi altında strateji yol xəritələrinin uğurlu icrası makroiqtisadi sabitlik, qeyri-neft sektorunun və ixracının artımı, ticarət və fiskal balansın yaxşılaşması, əlverişli biznes mühiti və sərmayə cəlbi, infrastrukturun davamlı təkmilləşdirilməsi və əhalinin sosial rifahı, habelə ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edir.”

Hesabatla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

https://azertag.az/xeber/Strateji_Yol_Xeritesinin_2017_ci_il_uzre_illik_monitorinq_ve_qiymetlendirme_hesabati-1180332

Milli iqtisadiyyat qrafik 1Milli iqtisadiyyat qrafik 2

Son xəbərlər
Digər xəbərlər