Amerikanın “Stripe” ödəmə sistemi sürətlə böyüyən Afrika bazarına girmək üçün Nigeriyanın “Paystack” startapını alır.
Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters” məlumat yayıb.
Qeyd edək ki, “Paystack”ın dəyəri 200 milyon dollar təşkil edir, bu da Nigeriya və Afrikanın Saxara səhrasından cənubda yerləşən digər ölkələrində onlayn alış-veriş bazarının sürətlə inkişaf etdiyini göstərir.
“Afrikanın İnternet iqtisadiyyatı sürətlə genişlənir, regiondakı onlayn ticarət isə ilbəil 21% artır ki, bu da dünya üzrə götürülən orta göstəricilərdən 75% çoxdur”, – deyə “Stripe”ın açıqlamasında deyilir.
“Paystack” FedEx, UPS və MTN daxil olmaqla 60 mindən çox müəssisə ilə işləyir və hər ay yüz milyonlarla dollar vəsait emal edir.
Verilən məlumata görə, müqavilə bağlandıqdan sonra “Paystack” müstəqil şəkildə fəaliyyət göstərməyə davam edəcək və tədricən dünyanın 42 ölkəsini əhatə edən qlobal ödənişlər və xəzinə şəbəkəsinə inteqrasiya edəcək.
Xatırladaq ki, “Paystack” startapı 2016-cı ildə Nigeriyalı tələbələr tərəfindən yaradılıb. Startap Silikon Vadisinin “Y-Combinator” proqramı çərçivəsində maliyyələşdirilib.