14 C
Baku
Saturday, November 23, 2024

Su probleminin həlli ilə bağlı Fəaliyyət Planı hazırlanacaq

Ölkədə su problemin kəskinləşməsinin qarşısını almaq üçün Fəaliyət Planı hazırlanacaq. Bununla bağlı müvafiq dövlət qurumları tərəfindən təkliflər hazırlanır.

Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidməti hər gün Kürün səviyyəsinin necə dəyişməsini, küləklər zamanı hansı proseslərin baş verməsini, duzluluğun necə dəyişməsini müşahidə edir:“Həmin məlumatlar üzərində iş aparılır. Bu məlumatlar təhlil ediləcək və daha sonra müvafiq işlər görüləcək. Müvafiq qurumlar da bu istiqamətdə işlər aparır, Kür boyu əraziyə vaxtaşırı baxış keçirirlər. Məqsəd gələcəkdə su ilə bağlı problemin kəskinləşməsinin qarşısını almaqdır. Bunlar əsasında müəyyən Fəaliyyət Planı hazırlanacaq”.

R.Verdiyev su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyətinə də toxunub: “Komissiya artıq Tədbirlər Planı hazırlayıb. Bu plan ölkənin su ehtiyatlarından səmərəli istifadə, su təsərrüfatı obyektlərində olan itkilərin qarşısının alınması ilə bağlı konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Kürün aşağı axınında isə duzlu sularla bağlı işlər aparılır ki, gələcəkdə duzlu suların çay boyu hərəkət edərək əhalinin təmiz sudan istifadəsində problem yaratmasın. Burda müxtəlif mühəndislik qurğularının quraşdırılması məsələsinə baxıla bilər. Eyni zamanda, çayda suyun tənzimlənməsi məsələsinə də baxıla bilər. Əlbəttə ki, çayda gursululuq dövründə suyu kifayət qədər tənzimləməklə bu problemin qarşısının alınması üçün işlər aparılır”.

O deyib ki, ümumiyyətlə qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində son illərdə temperaturun 1,3-1,4 dəfə artması, yağıntının azalması, buxarlanmanın artması, Kür çayının və ölkənin digər çaylarının su ehtiyatlarının azalmasına səbəb olub: “Xüsusilə, 2010-cu ildə meydana gələn güclü daşqınlardan sonra son bir neçə ildə Kür çayında su norma ilə müqayisədə 30 %-ə qədər azalıb . Bu, Kür üzərində yerləşən su anbarlarının doldurulmasında, Kürün aşağı axınında əhalinin, kənd təsərrüfatı sahələrinin su ilə təminatında ciddi problemlərə səbəb olub.

Əvvəlki illərdə Kür çayında sululuq çox olanda Kür çayının aşağı axınında 300-400 kub su olurdu, ancaq bu ilin yayında və hazırda bu hal müşahidə edilmir. Çünki Mingəçevir su anbarına daxil olan və ondan çıxan su az olduğundan eyni zamanda, suyun çayboyu istifadə olunması səbəbindən Kür çayının səviyyəsi aşagı düşərək dənizin səviyyəsinə yaxın olur. Bu, öz növbəsində dənizdən duzlu suların şərq küləkləri zamanı çay boyu 20-30 kilometr hərəkət etməsinə səbəb olur, adi halda Kürdə duzluluğun 0,5 – 0,7 qram/litr (suda duzluluq 1 qrama qədərdirsə, bu, şirin su hesab edilir), olduğu halda cənub-sərt küləkləri zamanı külək duzluluğu bəzən 8-10 qramadək artırılır və duzlu suları 20-30 kilometrə qədər gətirir”.

R.Verdiyev vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hər il gursululuq dövrünə proqnoz verir: “Gursululuq dövrü də aprel-iyun aylarında müşahidə edilir. Gursululuq proqnozu deyəndə qış dövründə dağlarda yağan qar mart-apreldən başlayaraq əriyir və yaz dövründə yağan yağışlarla birlikdə çaylarda sululuq artır. Əksər çaylarda ilin digər dövrləri ilə müqayisədə sululuq olur. Lakin yay azsululuq dövrü kimi qeyd edilir”.

Nazirlik rəsmisi qeyd edib ki, Milli Hidrometeorologiya Xidməti Böyük və Kiçik Qafqazın dağ və dağətəyi zonalarının çay hövzələrində qış dövründə toplanan qar ehtiyatlarını müəyyən etmək üçün qar ölçmə işləri həyata keçirəcək: “Qarölçmə nəticəsində müəyyən edəcəyik ki, hövzələrdə nə qədər qar, su ehtiyatları var. Qarölçmə işlərinin nəticələrinə əsasən biz mart ayında Kür çayında və digər çaylarımızda gursululuğa dair proqnoz verəcəyik. Hazırda əlimizdə ancaq sululuqla bağlı məlumat var. Qar ehdiyatlarının miqdarını bilmədən çaylarda olan, mövcud suya əsasən dəqiq deməyə tam şəkildə imkan vermir ki, Kür çayında su normaya yaxın, yaxud da ondan az və çox olacaq. Hazırda Kürün aşağı axınında sululuq azdır. Kürdə su öncəki dövrlərdə ən azı, 200 kub olurdu, indi 70 kubdur. Böyük Qafqazın, Kiçik Qafqazın yerli çaylarında da, sululuq 15-20 % azalıb. Son dövrdə norma ilə müqayisədə 25-30 %-ə qədər azalma müşahidə edirik”.

Son xəbərlər
Digər xəbərlər