“Ölkənin aqrar sahəsinin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. 2024-cü ildə suvarma üçün 9 milyard 256 milyon kubmetr su götürülüb, ondan 2 milyard 500 kubmetrə yaxın su itkiyə gedib”.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsində “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov deyib.
O bildirib ki, kənd təsərrüfatı bitkilərinin suvarılmasında çətinliklərlə bağlı addımlar atılır, su bölgüsü cədvəllərində operativ qaydada dəyişikliklər edilir: “Azərbaycanın daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər payanıb. Daşqın sularının yalnız 10-15%-i suvarma üçün istifadə edilə bilir, qalanı çaylara axıdılır. 4800 km suvarma kanallarının tikinti və bərpası həyata keçirilib. Son illərdə 3040 ədəd artezian quyusu istifadəyə verilib. Hazırda bir sıra su anbarlarının tikintisi, Şirvan suvarma kanallının yenidən qurulma işləri həyata keçirilir, Qarabağ kanalının layihəsi işlənir. Qeyd edilən tədbirlərdən sonra 556 min hektar sahədə su təminatı yaxşılaşdırılıb, 200 min hektardan artıq yeni suvarılan torpaq əkin sahələrinə əlavə edilib. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə son 3 ilin proqnoz göstəriciləri əsasında azad edilmiş ərazilərdə su təsərrüfatı obyektlərinin tikintisi ilə bağlı fəaliyyət əlaqələndirilib. Qarabağ və Şərqi Zəngəzurda olan su ehtiyatları əsasında elektron su xəritəsinin hazırlanmasına başlanıb. Cərimələrin yenidən sərtləşdirilməsi istiqamətində işlər davam etdirilir. Su limitinə riayət olunması, götürülən suların düzgün bölüşdürülməsi itkilərin azalmasına səbəb olacaq. Ölkəmizdə müasir suvarma sisteminin tətbiqi təqribən 10% təşkil edir. 2040-cı ildə su təminatının 100%-ə çatdırılması hədəflənir. Torpaqlarımız işğaldan azad olunandan sonra su təsərrüfatı və aqrar sahədə yeni dövr başlanır. Azad edilmiş ərazilərdə çoxlu su resursları mövcuddur”.