ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası iştirakını təsdiqləmiş təsisçi ölkələrin siyahısının ilk hissəsini təqdim edib. Şuranın “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan bəyanatlara görə, nizamnaməni imzalayan ölkələrin ilkin siyahısı ilə müqayisədə yeni siyahı yeddi dövlət hesabına genişlənib. Onların sırasında Belarus, Misir və Kamboca var. Beləliklə, həmtəsisçilərin ümumi sayı 26-ya çatıb.
Yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasının nizamnaməsini ilkin olaraq beynəlxalq səviyyədə tanınmış 18 dövlət rəsmi şəkildə imzalayıb: Azərbaycan, Argentina, Ermənistan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Qətər, Mərakeş, Monqolustan, BƏƏ, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan. Sənədə həmçinin özünü müstəqil elan etmiş Kosovo nümayəndələri də imza atıblar.
Yenilənmiş təsisçi ölkələr siyahısında rəsmi olaraq Belarus Respublikası, Albaniya, Kamboca, Misir, Salvador, İordaniya və Küveyt yer alıb. Daha əvvəl – yanvarın 22-də Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti Minskın yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasında Sülh Şurasının həmtəsisçisi qismində fəal rol oynamağa hazır olduğunu bəyan etmişdi.
Sülh Şurası İsrail ilə radikal Fələstin hərəkatı HƏMAS arasında əldə olunmuş razılaşmaya uyğun olaraq Qəzza sektorunun idarə olunması məqsədilə yaradılıb. Lakin nəzərdə tutulur ki, qurum digər regionlarda da münaqişələrin qarşısının alınması və tənzimlənməsi ilə məşğul olacaq.







