“Rusiyalı sülhməramlılar artıq Laçın dəhlizinə alternativ olan yeni yolda yerləşdirilib”.
Bu barədə məlumatı Qarabağdakı erməni separatçılarının nümayəndəsi Viktoriya Petrosyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanı Azərbaycan əraziləri ilə birləşdirən yeni yolun bu hissəsi tamamilə asfaltlanıb və Xankəndi-Gorus-Laçın yolu kimi fəaliyyət göstərəcək.
Petrosyan, həmçinin qeyd edib ki, yeni yol dəhlizin əsas hissəsinin tikintisi başa çatana qədər istifadə olunacaq.
“Rusiyalı sülhməramlılar artıq orada yerləşdirilib və yola nəzarət edirlər”, – deyə Petrosyan söyləyib.
Xatırladaq ki, Ermənistan mediası Laçın dəhlizinə alternativ olan yeni yolun avqustun 30-u axşam saat 20:00-dan nəqliyyatın hərəkətinə açıq olacağı barədə məlumat yayıb.
Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.