Sumqayıtın şimal hissəndə salınan texnologiya parkı “Sumqayıt Texnologiyalar Parkı” MMC məcburi auditdən yayınmağa görə cərimələnib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimələnir.
Banker.az xəbər verir ki, hazırda bu şirkətlərin cərimələmə səlahiyyəti olan Maliyyə Nazirliyi şirkətlə bağlı cərimə protokolu tərtib edib, Sumqayıt Rayon Məhkəməsinə göndərib.
İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur.
STP, Sumqayıt Kimya Sənaye Parkının rezident üzvüdür. Texnologiya parkı regionda ərazisinə görə ən böyük sənaye məhsulları istehsal edən mərkəzlərdən biridir.
STP-də hazırda bu zavodlar fəaliyyət göstərir:
- Kabel Zavodu
- Polimer Məmulatlar Zavodu
- Elektrik Avadanlıqları Zavodu
- Sendviç Panelləri Zavodu
- Mexaniki Emal Zavodu
- Qaynaq Quraşdırma Zavodu
- Metaləritmə Zavodu
- Antikorroziya Örtükləri Zavodu
- Aliminium və Mis Profilləri Zavodu
- Texniki Qazlar Zavodu