Sumqayıtda fəaliyyətə başlayan zavodda yük və xüsusi təyinatlı avtomobillər istehsal olunacaq.
Bunu Sumqayıt Kimya Sənaye Parkında yaradılan “Az-Tex-İmport” MMC-nin təsisçisi Samir İbadullayev Sumqayıt Kimya Sənaye Parkına Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəssisədə İtaliyanın “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək:
“Layihənin ikinci mərhələsində avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur. Zavodda ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır.
Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Layihənin hər iki mərhələ üzrə ümumi investisiya dəyəri 19,2 milyon manatdan çoxdur”.
Qeyd edək ki, müəssisə Prezident İlham Əliyevin aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkına səfəri zamanı dövlət başçısı tərəfindən işə salınıb.