Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olanSumqayıt şəhərində güzəştli mənzillər haqqında məlumatların ətraflı təqdim olunduğu sumqayit.mida.gov.az internet səhifəsi və onun mobil versiyası istifadəyə verilmişdir. Bu Agentliyin regionda inşa edilən ilk layihəsidir və tezliklə mənzillərin satışı ilə bağlı elan veriləcəkdir.
“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq hazırlanmış internet səhifə istifadədə rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və layihə ilə bağlı yarana biləcək suallara cavab tapmaq üçün asanlığı ilə seçilir. İnternet səhifənin mobil versiyasının olması isə istifadəçilərin saytın imkanlarından daha çevik yararlanmasına şərait yaradacaq.
İstifadəyə verilmiş internet səhifə hər kəs üçün Sumqayıt şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Sumqayıt şəhərində güzəştli mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, tikinti ərazisinin baş planı ilə tanış ola biləcəklər.
Bununla yanaşı, Sumqayıt şəhərində güzəştli mənzillərin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.
İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.
İstifadəçilər səhifənin “Mənzillər” bölməsində hər bir mənzilin planı, sahəsi, interyer nümunəsi və təmir növü haqqında məlumat əldə edə biləcəklər. İlk dəfə bu layihədə studio tipli mənzillər vətəndaşlara təklif ediləcək.
Qeyd edək ki, Sumqayıt şəhəri, Zəminə Həsənova küçəsində yerləşən layihə 2 ədəd doqquzmərtəbəli 2 bloklu yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 144 mənzil var. Bunlardan 18-i birotaqlı, 18-i studio tipli, 72-si ikiotaqlı, 36-sı isə üçotaqlıdır. Bütün mənzillər “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” la təmin edilib.
Ərazidə yaşayış binalarının tikintisi ilə yanaşı, yaşıllaşdırma və abadlıq işləri həyata keçirilmiş, sakinlər üçün istirahət guşələri yaradılmış, həmçinin uşaqlar üçün basketbol meydançası istifadəyə verilmişdir.
Sumqayıt şəhərində güzəştli mənzillərin satışı ilə bağlı tezliklə elan veriləcək və “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzilləri sistem vasitəsilə seçə biləcəklər.