35 C
Baku
Tuesday, June 18, 2024

Süni intellektə görə şiddətli mübarizə

ABŞ prezidenti Co Bayden administrasiyası ölkəsinin süni intellektini Çin və Rusiyadan qorumaq səylərində yeni cəbhə açmağa hazırlaşır. Bayden ötən ilin oktyabr ayında fərman verərək süni intellekt çalışmalarının dövlət nəzarətinə götürülməsinə qərar verib. ABŞ mediası prezidentin bu qərarını aqressiv adlandırsa da, bu işdə ixtisaslaşanlar vurğulayırlar ki, Amerikanın buna ehtiyacı var idi. Ən maraqlısı odur ki, süni intellekt çalışmalarının dövlət nəzarətinə alınmasını bu işlə məşğul olan şirkətlər də dəstəkləyib. Prezidenti fərmanında süni intellektin yeni standartlarının tətbiqi və təhlükəsizliyi nəzərdə tutulub. Könhə sistemlərlə rəqiblərlə mübarizə aparmaq çətindir.

Çin süni intellekt bazarında mövqelərini gücləndirməyə çalışır. Vaşinqton bundan xeyli narahatdır. Vaşinqtonun həyata keçirdiyi tədbirlər Pekinin hərbi məqsədlər üçün qabaqcıl texnologiyanın inkişafını ləngitməyi hədəfləyir. Bundan başqa Vaşinqtonun planları Çinə mürəkkəb süni intellekt çiplərinin ixracını əngəlləmək üçün son iki il ərzində həyata keçirilən bir sıra tədbirləri tamamlayacaq. Bununla belə, tənzimləyicilər vasitəsilə sənayenin sürətlə inkişafı ilə ayaqlaşmaq çətin olacaq. Çinin ABŞ-dakı səfirliyi Ağ Evin qərarlarını “Çinin qəti şəkildə qarşı çıxdığı tipik iqtisadi zorakılıq və birtərəfli zorakılıq aktı” kimi qiymətləndirərək, Pekinin ölkə maraqlarını qorumaq üçün “lazımi tədbirləri” görəcəyini bildirib. Pekin Ağ Evin Çinə qarşı hər qərarını “azad ticarətə” maneə kimi qiymətləndirir.

“ABŞ-ın rəsmi dairələri və özəl sektor tədqiqatçıları narahatdırlar ki, rəqiblər məlumatları ümumiləşdirmək və məzmun yaratmaq, aqressiv kiberhücumlar etmək və hətta güclü bioloji silahlar yaratmaq üçün böyük həcmdə mətn və şəkil modellərindən istifadə edə bilərlər”- deyə, Bakıda mənzillənən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir.

Microsoft şirkəti hesabatında bildirib ki, Çin və Şimali Koreya hökumətlərinə bağlı haker qrupları, eləcə də Rusiya hərbi kəşfiyyatı və İran İnqilabı Keşikçiləri müxtəlif modellərdən istifadə edərək haker çalışmalarını təkmilləşdirirlər. Bu dövlətləri dəstəklədiyi haker qruplarıyla mübarizə aparmaq getdikcə çətinləşir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər