11 C
Baku
Tuesday, November 26, 2024

Süni intellekt böyük şəhərlərdən daha çox enerji istehlak edir? – Araşdırma

Süni intellektin və bulud hesablamalarının enerji tələbləri o qədər çoxdur ki, fərdi məlumat mərkəzi kompleksləri tezliklə ABŞ-nin bəzi şəhərlərindən və hətta ştatlarından daha çox elektrik enerjisi istehlak edəcək.

Son 10 ildə məlumat mərkəzlərinin iqtisadiyyatda artan rolu ilə yanaşı, biznes və istehlakçıların gündəlik tapşırıqlarını həll etmək üçün lazım olan proqramları idarə edən serverlərin yerləşdiyi regionlarda elektrik enerjisi istehlakı kəskin şəkildə artıb.

Bu gün süni intellektin meydana çıxması ilə məlumat mərkəzləri o qədər böyükdür ki, onları idarə etmək üçün kifayət qədər enerji və yerləşdirmək üçün uyğun torpaq sahələri tapmaq getdikcə çətinləşir.

Texasdakı məlumat mərkəzlərini torpaq və enerji ilə təmin edən “Lancium” şirkətinin prezidenti Ali Fenn hesab edir ki, texnologiya şirkətləri süni intellekt vasitəsilə “qlobal üstünlük uğrunda mübarizə aparır”. “Açığı, bu, milli və iqtisadi təhlükəsizlik məsələsidir. Onlar xərcləməyə davam edəcəklər, çünki kapitallarını yatırmaq üçün daha sərfəli sahə tapa bilmirlər”, – Ali Fenn bildirir.

Mütəxəssislərin fikrincə, bərpa olunan enerji süni intellektin ehtiyaclarını ödəmək üçün kifayət etməyəcək. Tərtibatçılar deyirlər ki, o, təbii qazdan istifadə etməli olacaq ki, bu da karbon emissiyası hədəflərinə doğru irəliləyişi ləngidəcək.

“Enerji mənbəyindən asılı olmayaraq, məlumat mərkəzləri artıq indi kommunal infrastrukturun hüdudlarına çatıb”, – deyə belə obyektlər üçün torpaq və enerji resursları təmin edən “Tract” şirkətinin baş enerji direktoru Nat Sahlstrom bildirib. Onun sözlərinə görə, sənaye zonasında yerləşən və məlumat mərkəzləri üçün yararlı ola biləcək mövcud torpaq ehtiyatları sürətlə azalır.

Yeni ərazilərə çıxış

Torpaq və enerji getdikcə daha qıt olmağa başlayır, ona görə də məlumat mərkəzləri Şimali Virciniyadakı tarixi qlobal mərkəzdən kənarda məskən salır. Virciniyaya xidmət edən elektrik şəbəkəsi gözlənilən etibarlılıq problemləri ilə üz-üzədir. Kömür və qazla işləyən bəzi elektrik stansiyaların istismara verilməsi səbəbindən elektrik enerjiyə tələbatın artacağı, təklifin isə azalacağı gözlənilir.

Məsələn, “Tract” ABŞ-də məlumat mərkəzlərini inkişaf etdirmək üçün 23 000 hektardan çox torpaq alıb. Bu yaxınlarda şirkət Arizona ştatının Bakay şəhərində təxminən 2100 akr ərazi əldə edib və onu ölkənin ən böyük məlumat mərkəzi komplekslərindən birinə çevirməyi planlaşdırır. Özəl şirkət 40-a qədər ayrı məlumat mərkəzlərini 1.8 gigavata qədər enerji ilə təmin etmək üçün müxtəlif kommunal xidmətlərlə işləyir.

Enerji Departamentinin və Siyahıyaalma Bürosunun məlumatlarına əsaslanan “CNBC” təhlilinə görə, bir giqavat enerji tələbi təxminən 700 000 evin və ya 1.8 milyon insanın olduğu bir şəhərin orta illik istehlakına bərabərdir. Buradan bəlli olur ki, bir məlumat mərkəzi kompleksi il ərzində Alyaska, Rod-Aylend və ya Vermontdan daha çox enerji istehlak edəcək.

ABŞ-də 2030-cu illərdən 2040-cı illərin ortalarına qədər 500 meqavat və daha çox enerji tələbi olan məlumat mərkəzi komplekslərinin sayının artacağı gözlənilir. “CNBC”yə görə, bu ölçüdə obyektlər təxminən 350 000 evin enerji istehlakı ilə müqayisə edilə bilər.

Cəmiyyətə təsiri

Texnologiya şirkətləri daha asan tənzimləmə mühiti və enerji resursuna görə Texasa axın etməyə başlayıb. Məsələn, Hyustonda əsası qoyulan “Lancium” şirkəti 2017-ci ildə enerji tutumlu istehsalı Qərbi və Mərkəzi Texasa köçürüb. Bu gün “Lancium”un müxtəlif inkişaf mərhələlərində beş məlumat mərkəzi kompleksi var.

Qeyd edək ki, hal-haz;rda məlumat mərkəzi üçün minimum güc tələbi bir gigavatdır. Bu ölçüdə məlumat mərkəzləri üçün tərtibatçılar qonşu icmalarda enerji xərclərinin onlar tərəfindən artırılmamasını və şəbəkənin etibarlı və sabit qalmasını təmin etməlidir.

Bərpa olunan enerji mənbələri kifayət etmir

“Equinix” tərəfindən idarə olunan məlumat mərkəzi kompleksləri 100-200 meqavatdan bir neçə yüz meqavata qədər enerji istehlak edir. Bu barədə şirkətin məlumat mərkəzi xidmətlərinin direktoru Con Lin bildirib. “Equinix” ABŞ-də və xaricdə 72 metropoliten ərazisində paylanmış 260 obyekti ilə dünyanın ən böyük məlumat mərkəzi operatorlarından biridir.

Tərtibatçılar karbonsuz, bərpa olunan enerjiyə üstünlük verirlər, lakin onlar həm də görürlər ki, günəş və külək enerjisi dəyişən hava şəraitindən asılı olduğu üçün cari tələbatı ödəmək üçün kifayət etmir. Qlobal iqtisadiyyat üçün ən vacib iş proseslərinin bəziləri, məsələn, maliyyə mübadilələri, “Equinix” tərəfindən idarə olunan məlumat mərkəzlərində işləyir. Lin qeyd edir ki, “Equinix” məlumat mərkəzləri daim işləyir və fasilələr qəbuledilməzdir.

Böyük texnologiya şirkətləri ABŞ-də bərpa olunan enerjinin ən böyük alıcıları arasındadır, lakin onlar daha etibarlı elektrik mənbələri üçün nüvə enerjisinə müraciət edirlər. Məsələn, “Microsoft” elektrik alqı-satqısı müqaviləsi vasitəsilə Pensilvaniya ştatının Harrisburq yaxınlığındakı “Three Mile Island” nüvə elektrik stansiyasının yenidən işə salınmasını dəstəkləyir. “Amazon” və “Alphabet” isə kiçik nüvə reaktorlarına sərmayə qoyur.

Lakin yeni nüvə reaktorlarının tikintisi bahalı və vaxt alan bir işdir. “Lancium” hesab edir ki, təbii qaz məlumat mərkəzləri üçün lazım olan enerjinin böyük hissəsini təmin edə bilər. Onun fikrincə, qaz bu qurğuların tələb etdiyi etibarlılığı təmin edən hələlik əsas enerji mənbəyi olaraq qalır.

Sənaye süni intellekt sayəsində bərpa olunan enerjinin inkişafı, akkumulyatorun saxlanma xərclərinin azalması və məlumat mərkəzlərinin səmərəliliyinin artması ilə qaz tələbinin azalacağına ümid edir. Lakin yaxın perspektivdə heç bir şübhə yoxdur ki, məlumat mərkəzlərinin genişlənməsi texnologiya şirkətlərinin emissiya hədəflərini pozacaq.

Son xəbərlər
Digər xəbərlər