13 C
Baku
Friday, November 22, 2024

Süni intellekt dəstəkli yeni smartfonlar buraxılıb

Smartfonlar əsrində fotoşəkilləri təkmilləşdirmək üçün sürətli rəqəmsal redaktələr rəngləri artırmaqdan tutmuş işıq səviyyələrini dəyişməyə qədər bir çox funksiyaları yerinə yetirir. İndi süni intellekt (AI) ilə işləyən yeni smartfon alətləri fotoşəkil çəkməyin yeni üsullarını təklif edir.

“Google” şirkətinin keçən həftə buraxdığı ən son smartfonlar – “Pixel 8” və “Pixel 8 Pro” digər istehsalçıların cihazlarından daha mükəmməldir. Belə ki, fotoşəkillərdə insanların üz ifadələrini dəyişdirmək üçün süni intellektdən istifadə edilir. Yeni smartfonların “Best take” adlanan funksiyası ciddi və ya kədərli üz ifadəsini təbəssümlə əvəz edə bilir. Cihazlar, həmçinin istifadəçilərə insanlardan binalara qədər – fotoşəkildəki bütün arzuolunmaz elementləri silməyə, köçürməyə və ölçüsünü dəyişməyə imkan verir. “Magic Editor” adlanan tətbiq vasitəsilə geridə qalan boşluğu “doldurmaq” mümkündür. Bu yeni texnoloji tətbiq milyonlarla digər fotoşəkildən əldə edilən biliklərin istifadəsi və ətrafdakı piksellərin təhlili yolu ilə boşluğu hansı teksturaların doldurmalı olduğunu göstərən süni intellekt alqoritmindən istifadə edir. Eyni zamanda, bunun cihazda çəkilmiş şəkillər olması vacib deyil. “Pixel 8 Pro”dan istifadə edərək, “Google Foto” kitabxananızdakı istənilən fotoşəkilə “Magic Editor” və ya “Best Take” funksiyalarını tətbiq edə bilərsiniz.

“Google”un yeni süni intellekt texnologiyası texnoloji ekspertlər tərəfindən müxtəlif cür şərh edilib. Onu “qeyri-adi” (“The Verge”) və “texniki radar” (“Tech Radar”) adlandıran bəzi mütəxəssislər hesab edirlər ki, bu yenilik “insanların onlayn məzmunda etibarına ciddi təhlükə törətmək” potensialına malikdir.

Peşəkar fotoqraf və Cənubi Uels Universitetində jurnalistika üzrə baş müəllim olan Endryu Pirsal süni intellektlə manipulyasiyanın təhlükəli olması ilə razılaşıb. O deyib: ““Bir sadə manipulyasiya, hətta estetik səbəblərdən belə edilən dəyişiklik bizi qaranlıq bir yola apara bilər”. Fotoqraf əlavə edib ki, süni intellektdən peşəkar kontekstlərdə istifadə edənlər üçün risklər daha böyükdür və hər kəs bu tətbiqdən istifadə edərkən çox diqqətli olmalıdır. “Biz sanki saxta və reallıqdan uzaq dünyanın cənginə keçirik”, -deyə o vurğulayıb.

İstehsalçı şirkətin nümayəndəsi isə bildirib ki, onlar kameraların inkişafı prosesində etik normalara riayət olunmasına ciddi yanaşırlar.

Yaxın vaxtlarda “Samsung”, “Apple” və digər şirkətlərin də rəqabət baxımından süni intellektdən istifadə edəcəyi gözlənilir. Çünki yeni cihazların çəkdiyi fotoşəkillər daha keyfiyyətlidir, eyni zamanda, hər kəsin görüntüsünü istədiyiniz formada dəyişmək mümkündür ki, bu, heç bir smartfon kamerasında yoxdur.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər