Süni intellekt bumunun əsas benefisiarlarından biri sayılan Nvidia-nın səhmləri son aylarda faktiki olaraq yerində sayır. Dördüncü rübün əvvəlindən bəri səhmlər 1 faizdən az artıb, 2026-cı ilin əvvəlindən isə S&P 500 indeksini cüzi şəkildə üstələyib. Bu, 2025-ci ildə qeydə alınan təxminən 40 faizlik artımdan sonra nəzərəçarpacaq yavaşıma deməkdir.
Advisors Capital Management şirkətindən Coann Fininin sözlərinə görə, bazarda süni intellektdən əldə olunacaq real gəlirlərin elan edilən kapitallaşma xərclərinə uyğun gəlməyəcəyi ilə bağlı narahatlıqlar güclənir. O qeyd edib ki, hazırkı investisiya artımı bazarın daha tez doyma nöqtəsinə çatması riskini artırır. Onun fikrincə, bu, “şirkətlərin fasilə götürərək yeni hesablama güclərinin mənimsənilməsinə vaxt verməsi anını yaxınlaşdırır”.
Hazırda Nvidia səhmləri proqnozlaşdırılan gəlirə görə təxminən 24 qat əmsalla ticarət olunur. Bu göstərici Nasdaq 100 səviyyəsinə uyğundur və S&P 500 ilə müqayisədə cüzi primium təşkil edir. Baxmayaraq ki, bu, son beş ilin orta 38 qatlıq göstəricisindən xeyli aşağıdır, bazar cari qiymətləndirməni gəlirlərin artım tempinin yavaşıyacağı gözləntiləri fonunda diskont kimi qəbul etmir.
UBS strateqləri xəbərdarlıq edirlər ki, kapitallaşma xərclərinin artım tempi zəiflədikcə süni intellekt infrastrukturu təchizatçılarının qiymətləndirmələri üzərində təzyiq arta bilər.
Nvidia səhmləri üçün növbəti mühüm hadisə 25 fevralda açıqlanacaq maliyyə hesabatıdır. Bazar yenilənmiş proqnozları və son illərdə hiperskeyler şirkətlərin xərclərinin əhəmiyyətli hissəsini formalaşdıran çiplərə tələbatla bağlı siqnalları gözləyir. Uzunmüddətli rallidən sonra investorlar hazırda gözləmə mövqeyi tutublar.






