fMövcud qlobal infrastruktur quruculuğunu dəstəkləmək üçün süni intellekt sənayesinin 2031-ci ilədək 6 trilyon dollara qədər gəlir yaratması lazım gələcək. Lakin Bain & Company-nin hesabatına görə, həmin vaxta qədər istehlakçı və korporativ bazarlarda süni intellekt məhsullarından əldə edilən gəlir cəmi 1,2–1,8 trilyon dollar təşkil edəcək. Bu isə potensial olaraq 4,2 trilyon dollarlıq gəlir boşluğu yaradır.
Ekspertlərin fikrincə, bu fərqi aradan qaldırmaq üçün şirkətlər süni intellektin monetizasiyasının yeni yollarını tapmalıdırlar. Bununla belə, onlar qeyd edirlər ki, gəlir çatışmazlığı mütləq pis xəbər deyil. Onların qiymətləndirməsinə görə, hətta tələb olunan 6 trilyon dolların 40%-nin reallaşdırılması belə “müsbət nəticə” sayılar.
Əgər sənaye 2031-ci ildən əvvəl yeni gəlir mənbələri yarada bilsə, artan tələbi qarşılamaq üçün kapital xərclərini daha da yüksəldəcək. Əks halda, şirkətlər mövcud xərcləri maliyyələşdirə biləcək məhsullar hazırlaya bilməsələr, infrastruktur quruculuğunun tempini azaltmalı olacaqlar.
“Biz proqnoz vermirik. Sadəcə açıq nəticəni göstəririk: innovasiyaların Kembri partlayışına ehtiyac var”, – ekspertlər bildiriblər.
Hələlik isə bəzi şirkətlər süni intellekt sahəsində baş verən sürətli dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkirlər. Şirkətlərin yalnız təxminən 10%-i süni intellektə uyğunlaşa və ondan effektiv istifadə edə bilib. Bu prosesdə startaplar öndədir, qalan 90% isə çətinliklərlə üzləşir.
“OpenAI, Anthropic, Google, Microsoft və digər şirkətlərdən milyardlarla dollarlıq investisiyalar görürük. Onların hamısı birbaşa və ya dolayısı ilə tərəfdaşlarına bu texnologiyanı mənimsəməkdə kömək edir. Süni intellekti mənimsəmə qabiliyyətinin əsas dar boğaz və strateji dəyişən olması ideyası kifayət qədər maraqlıdır və gözlənilməz formalarda özünü göstərir”, – ekspertlər əlavə ediblər.
Süni intellekt bumu infrastruktur şirkətlərinin dəyərində nəhəng artıma səbəb olub. Oktyabrın 5-i bazar ertəsi etibarilə Nvidia-nın bazar kapitallaşması 5,7 trilyon dollara çatıb. Yaddaş çipləri istehsalçısı Micron isə ötən həftə rüblük gəlirinin 379% artdığını açıqlayıb.
Anthropic və OpenAI süni intellekt laboratoriyaları da IPO keçirməyə hazırlaşırlar və onların qiymətləndirilməsi 2 trilyon dollara qədər çata bilər.
Lakin bu səviyyələrə çatmaq və süni intellekt sektorundakı yüksəlişi davam etdirmək üçün şirkətlər müştəriləri həddindən artıq yükləmədən gəlirlərin artmasını təmin edəcək məhsullar yaratmalı olacaqlar.







