Bir neçə texnoloji nəşr, o cümlədən “TechPowerUp” və “TweakTown” bildirib ki, Tayvanın yaddaş kartları istehsalçısı “Transcend” oktyabr ayından bəri əsas komponentləri təchizatçılar olan “Sandisk” və “Samsung”dan ala bilmir. Söhbət NAND fleş yaddaşından gedir.
Nəşrlərin qeyd etdiyinə görə, bu vəziyyət RAM, SSD və SD kimi yaddaş növlərinin istehsalına ciddi təsir göstərə bilər. Məlumata əsasən, “Transcend” müştərilərini tədarükdə yaranan fasilələr barədə xəbərdar edib və ona lazım olan komponentlərin çatdırılmasının yenidən təxirə salındığını bildirib.
Son dövrlərdə müxtəlif yaddaş növlərində yaranan defisit süni intellekt (Sİ) sistemləri üçün çiplərə tələbatın kəskin artması ilə əlaqələndirilir. Data mərkəzləri üçün yaddaş çiplərinin bahalaşması, operativ yaddaş (DRAM) çatışmazlığı və digər çətinliklər barədə artıq dəfələrlə məlumat verilib. Bundan əvvəl də KİV yazmışdı ki, Sİ yarışı HDD və SSD kimi digər yaddaş növlərinə də təsir göstərir — çünki istehsalçılar Sİ üçün çip tədarükünə daha çox üstünlük verir və digər sifarişlər ikinci planda qalır. Bütün bunlar müxtəlif yaddaş növlərində defisitə və qiymət artımına səbəb olur.








